Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, günorta saatlarında aksiyada canlanma müşahidə olunur.
Hava şəraitinin soyuq və şaxtalı olmasına baxmayaraq, etirazçılar ərazini tərk etmək niyyətində deyillər. Onların tələbləri dəyişməz olaraq qalır.
Hazırda ekofəallar və gənc könüllülər Laçın - Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Aksiya iştirakçıları bildiriblər ki, Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazisində hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir.
Aksiya ötən ilin dekabrın 12-dən etibarən başlayıb və bu gün iki aydır davam etdirilir.