Bank Of Baku

Mamalıq və Ginekologiya İnstitutu: Qohum evliliyində zəif genlərin birləşib özünü büruzə vermə ehtimalı yüksək olur – MÜSAHİBƏ

Mamalıq və Ginekologiya İnstitutu: Qohum evliliyində zəif genlərin birləşib özünü büruzə vermə ehtimalı yüksək olur – MÜSAHİBƏ
# 21 iyun 2023 13:41 (UTC +04:00)

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, cərrahmama-ginekoloq Aynurə Əmirovanın APA-ya müsahibəsi

- Aynurə həkim, hamiləliyin planlaşdırılması zamanı xanımların diqqət etməli olduğu önəmli məqamlar hansılardır?

- Xanımlar hamilə qalmadan öncə buna həm psixoloji, həm emosional, həm də fiziki hazır olmalıdırlar. Emosional hazırlıq dedikdə ana, valideyn olmağa hazırlıq nəzərdə tutulur. Qeyd edim ki, ailədə övlad istənilirsə, buna təkcə qadın yox, həm də kişi psixoloji baxımdan hazır olmalıdır. Bu zaman valideyn olmağa psixoloji hazırlıq, uşağı yetişdirmək üçün uyğun mühitin təmin edilməsi önəmli amillərdir. Sağlamlıq baxımından hazırlığa isə müvafiq müayinələrdən keçərək başlamaq lazımdır. Çünki elə xəstəliklər, dəyişikliklər ola bilər ki, onlar hamiləlik üçün əks göstəriş hesab olunur. Yəni hamiləlik sürpriz olaraq ortaya çıxmamalıdır.

Hamiləliyin minimum 3 ay əvvəldən planlaşdırılması ideal hesab olunur. Bu zaman dilimində hamiləliyə hazırlıq aparılır. Həmin dövrdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən gündəlik 400 mq fol turşusu qəbul edilir. Son illərdə bu, kişilərə də tövsiyə olunur. Fol turşusu həm yumurta hüceyrənin keyfiyyətinə yaxşı təsir göstərir, həm də embrion formalaşandan sonra onda müəyyən sinir sistemi qüsurlarının qarşısının alınmasına yardım edir. Fol turşusunun qəbulu hamiləliyin 12-ci həftəsinə qədər davam edir.

- Aynurə həkim, psixoloji hazırlıqdan danışmışkən, bəs daha dəqiq deyəsi olsaq, mental hazırlıq necə aparılmalıdır?

- Bu proses məlumatların düzgün qaydada toplanılmasından başlayır. Bura övlad yetişdirməsində məsuliyyət, körpə qulluğu, uyğun mühitin formalaşdırılması, onunla ünsiyyətin aparılması və s. daxildir. Hər bir xanım bunu dərk etməli və ondan sonra valideyn olmağa qərar verməlidir. Düzdür, insan hansı mühitdə böyüyübsə, necə tərbiyə alıbsa, övladının tərbiyəsində də onu tətbiq edir. Lakin ümumilikdə hamiləlikdən əvvəl bu haqda düşünmək və ondan sonra qərar vermək daha məqsədəuyğun olar. Bu prosesdə əhval-ruhiyyəsi qeyri-stabil olan xanımlar isə psixoloji dəstək də ala bilərlər.

Daha çox 25 yaşdan aşağı xanımlar planlaşdırmadan baş tutan sürpriz hamiləliklərlə qarşılaşırlar və bu zaman çaşqınlıq yaşayırlar. Düzdür, bəzən elə insanlar olur ki, 40 yaşında da özünü psixoloji olaraq ana olmağa hazır hiss etmir. Bu da individual olaraq dəyərləndirilməlidir. Bəzi hallarda psixoloji hazır olmayan ana övladından imtina da edə bilir. Bu cür hallar bizdə nadirən rast gəlinir, amma yenə də mümkündür.

- Söhbətimizin əvvəlində fol turşusunun qəbulundan danışdınız. Bəs planlaşdırılmamış hamiləlik müəyyən edildikdən sonra fol turşusu qəbul etmək olarmı?

- Olar, lakin hamilə xanımlar fol turşusunun qəbuluna nə qədər erkən başlasalar, o qədər yaxşıdır. Ümumdünya Səhiyyə Təşkilatının son kliniki protokoluna əsasən anemiyanın da profilaktikası zamanı fol turşusunun təyini dəmir preparatı ilə birlikdə tövsiyə olunur.

- Hamiləlik zamanı xanımlar arasında suçiçəyi, məxmərək kimi xəstəliklərə yoluxma hallarına tez-tez rast gəlinir?

- Xeyr, bu hallara çox tez-tez rast gəlinmir. Daha çox yaz-payızda, infeksion xəstəliklərin artdığı, xüsusilə də azyaşlı uşaqlar arasında geniş yayıldığı dövrdə evində bağçaya, məktəbə gedən uşağı olan hamilə qadınların yoluxma ehtimalı olur. Ona görə həmin xanımlar bir qədər daha çox diqqətli olmalıdırlar.

- Bu xəstəliklərə qarşı peyvənd olunmayanların hamiləliyin planlaşdırılması zamanı vaksin vurdurması tövsiyə edilirmi?

- Yaxşı olar ki, hamiləlikdən öncə planlama zamanı qandakı anticisimlər müəyyən edilsin. Əgər anticisimlər varsa, deməli, hamiləlik zamanı xanım həmin xəstəliklərə yoluxmayacaq. Əks halda isə hamiləlikdən öncə peyvəndləmə aparıla bilər. Amma hamiləlikdən sonra, təəssüf ki, peyvənd vurula bilməz. Bu zaman biz tövsiyə edirik ki, hamilə xanım hər trimesterdə yoxlanılsın və bu infeksiyanı keçirən xəstələrdən uzaq dursunlar. Çünki hamiləlik zamanı həftəsindən asılı olaraq qızılca, məxmərək, suçiçəyi kimi infeksion xəstəliklərə yoluxuma çox ciddi təhlükə yarada bilər. Hamiləliyin 16-cı həftəsinə qədər baş verən məxmərək teratogen təsirə malik olub az kütləli döldə doğuş, katarakta, anadangəlmə inkişaf qüsurları, əqli inkişafın ləngiməsi, karlıq və ölüm ilə nəticələnir.

- Aynurə həkim, hansı testlərlə hamiləlikdən öncə körpədə ola biləcək xəstəlikləri müəyyənləşdirmək olur?

- Hamiləlikdən öncə bəzi genetik xəstəlikləri müəyyənləşdirmək mümkündür. Xüsusilə də valideynlərdə talassemiya daşıyıcılığı varsa, mütləq genetik-həkimlə məsləhətləşmə aparılmalıdır. Əgər hər iki valideyn daşıyıcıdırsa, o zaman 25% ehtimal edilir ki, uşaqda xəstəlik olacaq.

Təbii yolla hamilə qalındıqda dölyanı maye iynə vasitəsilə götürülür və genetik müayinəyə göndərilir. Uşağın xəstə, yoxsa daşıyıcı olması müəyyən edilir.

Qohum nikahlarda da genetik xəstə uşaqların dünyaya gəlmə ehtimalı yüksək olur. Buna görə qohum nikahlara həkim olaraq xoş baxmırıq. Burada qohum nikah dedikdə xala, bibi, əmi, dayı uşaqlarının evliliyi nəzərdə tutulur. Bu cür evliliklər zamanı ressesiv genlər birləşir və çox zaman da xəstəliklər həmin genlərdə olur. Dominant gen olduğu halda ressesiv gen özünü büruzə vermir, lakin iki ressesiv gen birləşəndə bu özünü xəstəlik formasında göstərə bilir. Təəssüf ki, qohum evliliyində zəif genlərin birləşib özlərini büruzə vermə ehtimalı yüksək olur.

- Bəzi hallarda qohum evliliklərindən sağlam övladlar da dünyaya gəlir. Bu halda isə deyirlər ki, xəstəlik qohum cütlüklərin övladlarında çıxmasa da, nəvə və nəticələrində özünü göstərə bilər. Bu, nə dərəcədə doğrudur?

- Qohum nikahdan doğulan, sağlam görünən şəxsdə gələcəkdə müəyyən problemlərin üzə çıxması mümkündür. Ona görə genetik olaraq bir-birindən uzaq olan insanların evlənməsi tövsiyə edilir. Bu zaman həm genlərin yenilənməsi prosesi gedir, həm də xəstəlik daşıyan genlərin özünü büruzə vermə ehtimalı daha az olur.

- Aynurə həkim sonsuzluqda yaş məsələsi nə dərəcədə rol oynayır?

- Yaş məsələsi daha çox xanımlarda özünü göstərir. 45 yaşdan sonra xanımlarda yumurtalıqların fəaliyyəti zəifləməyə doğru gedir və yumurta hüceyrələrinin keyfiyyəti azalır. Buna görə qadınların 40-45 yaşa qədər reproduktiv funksiyasını yerinə yetirməsi daha məqsəduyğundur.

- Yeni doğulmuş uşaqların valideynləri arasında neonatal skrininq üçün müraciətlərin sayı necədir?

- Hazırda Azərbaycanda neonatal skrininq üzrə dövlət proqramı həyata keçirilir. Dövlət xəstəxanalarında yenidoğulmuş uşaqlar üçün neonatal skrininq testi ödənişsiz olaraq aparılır. Topuq testi uşaq doğulduqdan 5-7 gün sonra götürülür. Əgər hansısa patoloji vəziyyət təyin olunursa, anaya məlumat verilir. Əgər əks əlaqə yaradılmırsa, deməli, hər şey qaydasındadır.

Burada daha çox qarşısı alına biləcək xəstəliklərə üstünlük verilir. Yəni əgər həmin xəstəliklərin müalicəsi vaxtında başlasa, əqli geriləmə, fiziki problemlərin inkişaf etməsinin qarşısı alına bilər. Məqsəd də xəstəliyin vaxtında aşkarlanıb korreksiyasını həyata keçirməkdir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda bu, artıq iki ildir ki, həyata keçirilir və hələ ki, ciddi xəstəlik təyin edilməyib. Lakin ümumi nəticəyə gəlmək üçün say baxımından kifayət qədər test aparılmadığı üçün bu proses hələ davam etdirilir.

- Bəs ümumilikdə daha çox hansı xəstəliklər müəyyən edilir?

- Daban testi zamanı təyin olunan xəstəliklər bunlardır: fenilketonuriya, hipotireodit, mukovissidoz, G6PD (qlukoza 6 fosfat dehidrogenaza) çatışmazlığı ilə gedən hemolitik anemiya, kongenital adrenal hiperplaziya-KAH. Anadangəlmə hipotireoz qalxanvari vəzin zəifliyidir. Əgər biz müalicəyə erkən vaxtda başlayırıqsa, bu zaman uşaqda əqli geriləmənin qarşısını ala bilərik, əks halda isə bu, mümkünsüz olur.

- 2022-ci il üzrə hamiləlik, doğuş və zahılıq dövründə 18 ana ölümü, 1 yaşadək isə 959 nəfər körpə ölümü qeydə alınıb. Ana, xüsusilə də körpə ölümünün bu qədər çox olmasının səbəbi nədir?

- Burada əsas səbəb qanaxmalar olur. Bu, özünü xüsusilə də pandemiya dövründə daha qabarıq göstərib. Çünki daha öncəki illərdə Səhiyyə Nazirliyinin tətbiq etdiyi kliniki protokollar nəticəsində qanaxma 3-4-cü yerə keçmişdi, daha çox ekstragenital xəstəliklər, hipertensiv vəziyyətlər önə çıxmışdı. Amma pandemiya dövründə antenatal qulluğun zəifləməsi, qadınların vaxtlı-vaxtında həkimə müraciət edə bilməməsi, yüksək riskli hamilələrə nəzarəti bir qədər zəiflətdi deyə qanaxmalar yenidən ön plana çıxdı. Bu istiqamətdə lazım olan addımlar atılır və işlər aparılır.

Uşaq ölümlərinə gəlincə isə meyarlar dəyişib. Əvvəlki illərdə vaxtından əvvəl doğuş 28-ci həftədən hesablanırdı. Lakin bir neçə ildir ki, bu göstərici 22-ci həftəyə enib. 22-ci həftədən sonra doğulan, 500 qramdan yuxarı olan yenidoğulmuşlar diri uşaq hesab olunurlar. 500-900 qram arasında doğulmuşlar ekstrimal kiçik çəkidə olan körpələrdirlər və onların həyatda qalma ehtimalları da çox aşağı olur. Çünki həmin körpələrdə tənəffüs, sinir sistemi formalaşmamış, ürək-damar sistemində müəyyən dəyişiklər baş tutmamış olur. Buna görə o uşaqların həyatda qalma şansları çox aşağı olur. Onlar üçün xüsusi şərait yaradılmalıdır. 3-cü səviyyəli doğuşayardım müəssisəsində belə, 900 qrama qədər çəkidə doğulmuş uşaqların sağ qalma şansı o qədər də yüksək olmur. Yəni statistikada qeyd edilmiş uşaqların çoxu vaxtından əvvəl doğulmuş körpələrdirlər.

- Bəs bu daha çox hansı hallarda baş verir və əvvəlcədən müəyyənləşdirərək qarşısını almaq mümkündürmü?

- Təbii ki, vaxtından əvvəl doğuşlarla mübarizə apararaq bunun qarşısını ala bilərik. Risk qrupuna daxil olan hamilə qadınları düzgün istiqamətləndirib onları 3-cü səviyyəli doğuşa yardım müəssisələrinə yönəltməliyik. Vaxtından əvvəl doğuşlar əsasən təzyiqlə bağlı problemi olan qadınlarda rast gəlinir. Buna görə vaxtından əvvəl doğuşun qarşısını almaq üçün hamilə qadın vaxtlı-vaxtında həkiminə müraciət etməli, müayinələrdən keçməli, risk qrupu dəyərləndirilməlidir. Yəni əgər qadın nəzarətdədirsə, müəyyən dəyişiklikləri vaxtında aşkarlayıb müalicə edərək fəsadların qarşısını ala bilərik. Əgər qadın həkimə müraciət etmirsə, bu halda baş verə biləcək fəsadların qarşısını almaq, təbii ki, çətin olur.

- Yeni doğulan körpənin ana südü ilə qidalandırılmamasının onların gələcək inkişaflarına mənfi təsirləri barədə çox oxuyur, eşidirik. Bəzi hallarda isə ana körpəsinə süd vermək istəsə də, həkimlərin körpəyə süni qidalar yazması faktları ilə qarşılaşırıq. Həkimlər bunu ana südünün kifayət qədər olmaması ilə əsaslandırırlar. Bu hansı hallarda mümkündür?

- Ana südü yenidoğulmuş üçün əvəzolunmaz qidadır. Ana südü tərkibinə görə ideal münasiblikdə, immun sistemini gücləndirən maddələr, zülallar, yağlar uşaq üçün rahat həzm olunacaq miqdarda olur. Bu, eyni zamanda yenidoğulmuşun psixoloji rahatlığı üçün vacibdir. Onu da qeyd etməliyəm ki, ana ilə körpə arasında psixoloji bağ da südvermə zamanı yaranır.

Südvermə ana üçün də faydalıdır. Övladını ana südü ilə qidalandıran xanımlar arasında süd vəzi xərçənginin yaranma ehtimalı daha aşağı olur.

Ana südünün az olması və kifayət qədər olmaması ilə ilk doğuşda bir çox xanımlar rastlaşırlar. Döşdə südün formalaşması zamanla olur. Buna görə uşaq mütləq döşə qoyulmalı və reflekslə prolaktin hormonu ifraz olunandan sonra südün miqdarı da artmağa başlayır. Sadəcə xanımlar səbirli olmalı, uşağı düzgün döşə qoyma qaydasını bilməlidirlər. Bizim İnstitutda Zahılıq şöbəsinin xüsusi olaraq uşaq tibb bacıları xanımlara bu məsələdə köməklik edirlər. Eyni zamanda hamiləlik müddətində İnstitutumuzun Analıq Məktəbi də mövcuddur, ana südü ilə qidalandırma haqqında məlumat hamiləlik zamanı da bildirilir. Təkrar hamiləliyi olan xanımlarda südvermə ilə bağlı təcrübə olsa da, ilk dəfə ana olmuş xanımlarla bir qədər bu istiqamətdə işləmək lazımdır. Səbirli olmaq və bilmək lazımdır ki, ilk günlərdə süd az miqdarda olsa da, əgər uşağın döşə qoyulma qaydası texniki olaraq düzgün həyata keçirilərsə, südün miqdarı zamanla artacaq.

- Bəs hansı hallarda ana südü tövsiyə edilmir?

- Əgər qadında İnsanın İmmunçatışmazlığı Virusu (İİV) varsa və vərəm aktiv fazada olduğu halda məsləhət görmürük. Çünki uşaq da yoluxa bilər.

COVID-19 pandemiyası dövründə də uşağın ana südü ilə qidalandırılıb-qidalandırılmaması tərəddüd yaratmışdı. Lakin Ümumdünya Səhiyyə Təşkilatı ana südü verməyi tövsiyə etdi. Təbii ki, ana xəstəliyin aktiv fazası dövründədirsə, müəyyən qoruyucu vasitələrdən istifadə etməlidir. Amma yenə də COVID-19 infeksiyası belə ana südü verməyi dayandırmağa göstəriş deyildi.

Qeyd edim ki, əgər qadında İİV olduğu halda antiretrovirus terapiyası qəbul edirsə və hamiləliyi və doğuşu düzgün aparılırsa, uşağın yoluxma ehtimalı çox aşağı olur. Bu infeksiya vaxtında aşkarlanır və müalicəsi aparılırsa, dünyaya sağlam övlad gətirmək şansı var.

Digər bir məqam isə doğuşdan sonra yaranan psixoloji vəziyyətlə bağlı ola bilər. Bəzən doğuşdan sonra qadında depressiya yaranır. Uşağı görmək belə istəmir. Bu hal da körpənin ana südü ilə qidalandırılmasına əks göstərişdir. Xəstəxana şəraitində əgər bundan şübhəmiz varsa, biz diqqət yetiririk, psixoloqu və bəzi hallarda psixiatrı çağırırıq ki, vəziyyəti dəyərləndirsin. Bəzən isə depressiv hal zahı qadında evə buraxıldıqdan sonra müşahidə edilir. Ona görə ailə üzvləri, yaxınlar diqqətli olmalıdırlar. Yanında həyat yoldaşı və ya digər yaxınları olmalı, körpə ilə necə davrandığına və özünü necə hiss etdiyinə diqqət etməlidirlər.

- Bu depressiyanı yaradan səbəblər nələrdir?

- Müəyyən qorxular və psixoloji dəyişikliklər nəticəsində zahı qadında belə depressiv hallar yaşanır. Bəzən doğuş prosesi psixoloji dəyişikliklərin üzə çıxmasına təkan verir. Bu xarakter və irsiyyətlə də bağlı ola bilər. Zahılıq dövründə qadında depressiv vəziyyət nadirən rast gəlinən haldır. Bu daha çox ilk hamiləliyi olan qadınlarda müşahidə edilə bilir. Ona görə, ailə üzvləri və yaxınları da zahı qadına qarşı daha anlayışlı, həssas olmalı, davranışlarını müşahidə etməli və dəyişiklik hiss edilərsə psixoloji dəstək almasına yardım etməlidirlər.

- Bir qədər əvvəl yeni ana olmuş xanımlarda ana südünün ilk vaxtlarda kifayət qədər olmaması halları ilə bağlı danışdıq. Doğuşdan sonra anada südün heç olmaması ilə bağlı fikirlər eşidirik. Bəs bu hal mümkündürmü?

- Bu, çox nadir hallarda baş verir. Bu zaman da uşaq döşə qoyulur, stimullaşdırıcı maddələr verilir ki, laktasiya prosesi aktivləşsin və s. Əgər bu halda da ana südü formalaşmırsa, bu zaman belə bir halın yaşandığını demək olar. Normalda bəzi xanımlarda hətta hamiləlik dövründə də az halda süd ifraz oluna bilər. Əksər hallarda bədəndə uşaq dünyaya gələnə qədər qidasının hazır olması üçün proseslər getmiş olur. Sadəcə xanımlar bu vəziyyətdən qorxmamalı və daha əvvəl də dediyimiz kimi səbirli olmalıdırlar, qidalanma və istirahət rejiminə diqqət yetirməlidirlər. Lakin bəzən aparılan bütün tədbirlərə baxmayaraq, ana südü formalaşmır. Bu çox vaxt süd vəzisinin piy toxuması ilə əvəzləndiyi zaman baş verir. O zaman südün ifraz olunması mümkün olmur. Bu, çox nadir hallarda baş verir. Qeyd edim ki, burada genetik amillərin də rolu var.

Adətən yeni ana olmuş qadının anasında vaxtilə ana südü normal olubsa, deməli, zamanla körpəyə yetəcək qədər süd ifraz olunmağa başlayacaq. Bu, vaxt alan, əziyyət tələb edəndir. Lakin xanımlar bilməlidirlər ki, övladları üçün ən yaxşı qida ana südüdür.

- Aynurə həkim, yeri gəlmişkən, hamiləlikdən öncə döş kiçiltmə və ya döş böyütmə kimi estetik əməliyyatların həyata keçirilməsinə münasibət necədir?

- Əgər qadın hamiləlik və övladını ana südü ilə qidalandırma planlayırsa, süd vəzində sırf estetik xarakterli əməliyyat aparılması tövsiyə edilmir. Çünki hamiləlik zamanı hormonal dəyişiklik getdiyinə görə, süd vəzində də dəyişiklik olur. Əgər xanım estetik əməliyyat etdirməyi düşünürsə, yaxşı olar ki, bunu neçə hamiləlik planlaşdırırsa, ona uyğun olaraq reproduktiv funksiyasını yerinə yetirdikdən sonra həyata keçirsin.

- Ana südünün faydasını vurğuladınız. Bəzi hallarda yeni ana olmuş xanımlarda südün az olması barədə də danışdıq. Bəzən təcrübədə müşahidə edirik ki, ana südü kifayət qədər olmadıqda körpəyə süni qida əvəzinə keçi südü verilir. Hansı daha yaxşı olar, süni qida, yoxsa keçi südü?

- Buna individual qərar verilməlidir. Qərarvermə zamanı pediatrla məsləhətləşmək olar ki, körpə üçün hansı daha məqsədəuyğundur. Elə uşaq var ki, köpə meyilli olur, mədə-bağırsaq sistemində müəyyən problemlər var. Əslində, bu, bütün körpələrdə ilk 2 həftədə müşahidə olunan haldır və normaldır. Ona görə yaxşı olar ki, körpə üçün qida seçimi edərkən ana südünə yaxın qida ilə əvəzlənilsin. Keçi südünə qaldıqda isə sterillik baxımından bir qədər mübahisəli məqamdır.

- Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hazırda neçə QİÇS-ə yoluxmuş və övlad dünyaya gətirməyə hazırlaşan xanım var?

- Hazırda istitutda QİÇS-ə yoluxmuş 4 hamilə qadın var. Onlar daha öncə İİV-ə yoluxublar və antiretrovirus müalicələrini alır, doğuşa hazırlaşırlar. Təəssüf ki, bəzi xanımlar bu infeksiyaya hamiləlik zamanı yoluxurlar.

Xanımlar gözəllik salonlarına, stomatoloqa getdiklərində sterillikdən əmin olmalıdırlar. Bu virusa həmçinin cinsi yolla yoluxmaq mümkündür. Statistik nəticələrə görə İİV və QİÇS-ə yoluxma halları artır. Hamilələr arasında bu elə də çox deyil, lakin risk qrupuna daxil olanlar da var. Məsələn, həyat yoldaşları həbsdə olan, xarici ölkələrə gedib-gələn qadınların yoluxma ehtimalı yüksəkdir. Buna görə onları hamiləlik dövründə İİV-ə görə iki dəfə - hamiləliyin 12-ci həftəsinə qədər və 32-34-cü həftələrdə müayinə edirik. Çox az hallarda ikinci müayinədə yoluxma faktı aşkarlanır və bu zaman təcili olaraq antiretrovirus müalicəsinə başlayırıq.

İİV-ə yoluxmuş insanlar qorxmasınlar. Həmin şəxslər dövlət dəstəyi ilə ödənişsiz müalicə alırlar. Onlar QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər. Müalicə nə qədər erkən başlasa və virus yükünü azaltmağa doğru getsə, o qədər yaxşıdır. Xüsusilə də hamilə qadınlarda erkən müalicəyə başladıqda onların sağlam övlad dünyaya gətirmək şansları yüksək olur. Bəzi hallarda bunun əksini də müşahidə edirik və bu zaman infeksiyaya yoluxmuş körpənin dünyaya gəlməsi halları ilə rastlaşmış oluruq. Bu cür halların qarşısını almaq üçün həm kliniki protokol dərc olunub, həm də QİÇS-lə mübarizə mərkəzinə Qlobal Fond tərəfindən dəstək verilir ki, həmin insanlar müalicələrini ala bilsinlər. İİV-ə yoluxduqdan sonra QİÇS yaranırsa, bu zaman immun sistemi çökür və hansısa müalicə və müdaxilənin aparılması gec olur. Buna görə QİÇS-ə çatmadan müalicə almaq şərtdir.

Ana yoluxubsa, körpənin də ya hamiləlik, ya doğuş, ya da ana südü ilə qidalanma zamanı yoluxma təhlükəsi var. Körpənin yoluxma ehtimalını azaltmaq üçün antiretrovirus müalicəsini yenidoğulmuş körpədə də başlayırıq. Bu zaman 3-6 aydan sonra virus yükü yoxlanılır. Əgər hər şey qaydasında aparılıbsa, yoluxma ehtimalı çox aşağı olur. Buna görə İİV test nəticəsi pozitiv olan qadınlar müalicəni gecikdirmədən qəbul etməlidirlər.

- Hepatit xəstəliyi (A, B, C) hamiləlik zamanı aşkarlanarsa, bunun ana və yeni doğulmuş üçün təhlükəsi nədir?

- Bu halda hamilə qadını mütləq hepatoloq-infeksionist də müayinə etməli və müalicəsini izləməlidir. Bu zaman virus yükü, qaraciyərdə gedə biləcək dəyişikliklər müəyyən edilir. Təbii ki, hamiləlik dövründə ciddi dərmanların istifadəsi əks göstərişdir, lakin müəyyən yüngül dərmanlar var ki, hepatoloq tərəfindən təyin olunur.

Qeyd etməliyəm ki, hepatit təbii doğuş üçün əks göstəriş deyil. Lakin buna ümumi müayinədən sonra qərar verilir.

Yeni doğulmuş üçün təhlükə isə ancaq qanla təmas olacağı halda var. Körpəyə xüsusi diqqət yetirmək lazımdır ki, ananın qanı ilə yeni doğulmuşun qanı hansısa zədə nəticəsində təmasda olmasın. Ananın hepatit virusuna yoluxması ana südünün verilməsinə əks göstəriş deyil. Virus yükünün səviyyəsi nəzərə alınmalıdır. Əgər virus yükü çox olarsa, bu zaman ola bilər ki, hepatoloq ana südü verilməsini məsləhət görməsin.

- Xanımlarımız döş xərçəngi riskinə qarşı müayinəyə gəlirlərmi, bununla bağlı ümumi vəziyyəti necə dəyərləndirirsiniz?

- Bunun üçün hələ bizdə skrininq proqram həyata keçirilmir ki, bütün qadınlarımız poliklinika tərəfindən dəvət edilsin, müayinədən keçməyə çağırılsın. Mammoqrafiya müayinəsi könüllüdür. Xanımlarımız ən azı ildə bir dəfə müayinədən keçməlidirlər. Əgər şübhəli hal varsa, bu zaman ildə iki dəfə müayinədən keçməkləri tövsiyə olunur.

Birinci olaraq, mammoqrafiya tövsiyə edilir. Digəri isə palpasiya, yəni qadının özünün özünü yoxlamasıdır. Bu zaman süd vəzilərində, qoltuqaltı nahiyyədə hansısa bərkimənin, ağrı verəcək hissənin təyin edildiyi halda mütləq həkim-mammoloqa müraciət edilməsi tövsiyə olunur.

- Günü-gündən qeysəriyyə kəsiyi əməliyyatına üstünlük verənlərin çoxaldığını müşahidə edirik. Qeysəriyyə kəsiyi əməliyyatının belə məşhurlaşmasının səbəbi nədir?

- Bəli, bütün dünyada qeysəriyyə kəsiyi əməliyyatının faiz göstəricisi artmaqda davam edir. Bu, əməliyyata göstərişlərin genişlənməsi ilə əlaqədardır. Lakin əsassız qeysəriyyə əməliyyatlarının aparılmasının qarşısı alınmalıdır. Doğuş öncəsi psixoloji hazırlığın aparılması təbliğ olunmalıdır. Əgər əməliyyata əsaslı bir göstəriş yoxdursa, o zaman 34-36-cı həftədən qadınla söhbət aparılmalı, təbii doğuşa yönəldilməlidir. Qeysəriyyə əməliyyatından sonra qadın bir neçə saat ərzində məcburi olaraq hərəkətsiz qalır, yataq rejimində olur. Lakin təbii, fizioloji doğuşda hər şey normal keçibsə, doğuşdan iki saat sonra qadın sərbəst hərəkət edə, əvvəlki fizioloji aktivliyinə qayıda bilər. Təbii doğuş yeni doğulmuş körpə üçün də tövsiyə olunur. Artıq sübut olunub ki, uşağın immun sisteminin formalaşmasında da bunun ciddi rolu var. Lakin qeysəriyyə zamanı uşaq steril çıxarılır, onun dərisi mikrobioloji mühitlə təmasda həmən olmur. İndi qeysəriyyə kəsiyindən sonra yeni doğulmuşu həmən ananın sinəsi üzərinə qoyulması, ana dərisi ilə dərisinin təmasda olması tövsiyə olunur. Bu erkən vaxtda ananın dərisindəki bakteriyaların onun dərisinə təmas etməsi üçün də önəmlidir.

Bəzi hallarda psixoloji olaraq qadının təbii doğuş zamanı keçirəcəyi ağrılardan qorxusu olur. Əgər qadın doğuşdan öncə düzgün tənəffüs texnikasını öyrənərsə, psixoloji hazırlıq görmüş olarsa, həkimin köməkliyi ilə ağrının azalma üsullarını bilərsə, təbii doğuşun öhdəsindən rahatlıqla gələ bilər. Son zamanlar partnyor doğuşlara da üstünlük verilir ki, bu da psixoloji dəstəyin olması və qadının özünü daha rahat hiss etməsində ciddi rol oynayır və təbii doğuş prosesinə müsbət təsir göstərir.

Eyni zamanda, əvvəlki vaxtlarda bir doğuş zalında iki-üç xanım eyni zamanda doğuş edirdi. İndi isə vəziyyət dəyişib. Hər qadın üçün ayrıca doğuş otağı ayrılır. Bu cür müəyyən dəyişikliklərlə xanımların təbii doğuşa təşviq edilməsi həyata keçirilir.

Düzdür, fizioloji doğuşun da yüz faiz ideal keçəcəyini zəmanət vermək olmur. Bəzi hallar olur ki, doğuşu cərrahi yolla davam etməyimiz də göstəriş olur. Lakin ümumilikdə göstəriş olmadığı halda təbii doğuşa üstünlük verilməsi tövsiyə olunur.

Qeysəriyyə kəsiyi ilə övlad dünyaya gətirən xanımlar nəzərə almalıdırlar ki, ikinci hamiləlikdə çapığın yararsızlığı, ciftin bitişməsi, cift gəlişi kimi risklər var. Ona görə uşaqlığında bir neçə çapıq olan hamilə qadın çox yüksək risk qrupuna daxil olur. Onun hamiləliyinin aparılması, doğuşun həyata keçirilməsi xüsusi yanaşma və diqqət tələb edir.

Bəzi xarici ölkələrdə qeysəriyyə kəsiyi əməliyyatı qadının istəyi ilə əgər planlanırsa, o zaman həkim sonrakı hamiləlikdə qarşılaşa biləcəyi fəsadlar haqqında hamilə qadına bildirir. Əgər xanım məsələn, 5 uşaq dünyaya gətirməyi planlayırsa, qeysəriyyə əməliyyatı tövsiyə olunmur. Çünki 3-cü qeysəriyyə kəsiyindən sonra növbəti hamiləliklərin qarşısını almaq tövsiyə olunur.

Qeyd edim ki, ölkəmizdə mövcud olan tibbi protokolda hamilə xanımların sırf istəyi ilə cərrahi yolla doğuş aparılmır, yalnız tibbi göstərişlərə əsasən həyata keçirilir. Qeysəriyyə əməliyyatı üçün tibbi göstəriş şərtdir. Əks halda qeysəriyyə əməliyyatının statistik nəticələri daha yüksək olardı.

- Aynurə həkim, rekonstruktiv əməliyyatlara hansı hallarda göstəriş olur?

- Menopauza, premenopauza dövründə, anamnezində 3 və daha çox təbii doğuşu olan xanımlarda uşaqlıq yolunun ön və arxa divarının sallanması, sidikqaçırma kimi hallar olur ki, bu zaman həyat keyfiyyətinin yaxşılaşdırılmasına görə rekonstruktiv əməliyyatlar üçün göstəriş olur.

Qeyd edim ki, bu məsələdə də həkimin münasibəti çox önəmlidir. O, vəziyyəti düzgün dəyərləndirib pasiyentə məlumat verməlidir. Çünki bəzi hallarda əməliyyatsız və sadəcə idmanla problemin həlli mümkün ola bilər.

Ümumiyyətlə, idmanla məşğul olmaq bədənin əzələ tonusunu normada saxlayır. Buna görə bütün xanımlara çanaq dibi əzələlərini tonusda saxlamaq üçün profilaktika məqsədi ilə “Kegel” gimnastikası ilə məşğul olmağı tövsiyə edirəm.

- Əvvəlki illərlə müqayisədə son dövrlərdə ölkəmizdə hamiləliyin planlaşdırılması ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz, irəliləyiş olduğunu söyləmək mümkündürmü? Maarifləndirmə işlərini necə dəyərləndirirsiniz?

- Həkim mama-ginekoloqlar qadına abortdan və doğuşdan sonra mütləq hamiləlikdən qorunmaq üçün vasitələr haqqında məlumat verməlidir. Doğuşdan sonra növbəti hamiləlik üçün ən azı iki il fasilə verilməlidir. Bu müddət ərzində qadında hamiləlik zamanı bədənindən itirdiyi kalsium, dəmir və digər mikroelementlər bərpa olunur və özünü növbəti hamiləlik üçün fizioloji olaraq bərpa etmiş olur. Hamiləlik arası müddət az olduğu zaman bu yeni doğulmuşun çəkisinin də az olmasına təsir göstərə bilər. Bütün bunlar yeni ana olmuş xanıma izah edilməli, eyni zamanda qorunma üsulları barədə məlumatlandırılaraq individual qərar verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR