Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına ölkəmizin digər bölgələri kimi, Naftalan da qoşulub.
APA-nın yerli bürosu xəbər verir ki, qardaş ölkəyə göndərilməsi üçün Naftalan Şəhər İcra Hakimiyyətinin xətti ilə humanitar yardım fevralın 10-da Gəncəyə gətirilib.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov APA-nın bölgə müxbirinə bildirib ki yardım kampaniyası çərçivəsində zəruri geyim, yorğan-döşək dəstləri və tibbi ləvazimatlar göndəriləcək: “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Biz bu çətin gündə türkiyəli qardaşlarımızın yanında olmağı və onlara dəstək verməyi özümüzə borc bildik. Naftalandan lazım olan geyim və tibbi ləvazimatlarla yanaşı, əl arabaları və əsaları da zəlzələdən əziyyət çəkən qardaşlarımız üçün göndəririk. Təbii ki, bu yardımlarımız davamlı olacaq”.
Qeyd edək ki, toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.