Nəticəyönümlü büdcəyə keçid ölkəmiz üçün yeni istiqamətdir. Son illər ərzində elm və təhsil sahəsində çox mühüm sənədlər imzalanıb. Bu sənədlər Azərbaycanda təhsilin inkişafı üzrə əsas istiqamətləri, prioritetləri müəyyən edir.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, nəticəyönümlü maliyyələşmə hər bir sahənin özünəməxsusluğu nəzərə alınmalıdır:
“Təhsil elə bir sahədir ki, daima ictimai müzakirə olunur, həmişə ictimaiyyətin diqqətindədir. Bu müzakirələrdə nəticə nədir sualı olduqca vacibdir. Çünki bu müzakirələrdə əsas fakt və rəyləri bir-birindən ayırmaqdır. Nəticəyönümlü maliyyələşməyə keçid bizə imkan verir ki, həm ictimaiyyətlə, həm maliyyə-nəzarət qurumları ilə, həm öz daxilimizdə düzgün diskussiya və dialoq üçün təhsilin nəticəsi nədir sualının cavabını müəyyən edək, bütün müzakirə və mübahisələr bu ölçüləbilən nəticə ətrafında olsun. Bununla da şəxsi rəylər mübahisəsi etməmiş olarıq. Şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün hansısa faydası olacağına inanmıram”.
Nazir qeyd edib ki, nətiyönümlü maliyyələşmənin ən böyük üstünlüklərindən biri nəinki nəticəni müəyyən etmək, həm də nəticəni necə ölçmək sualını da müəyyən mənada özündə cavablandırır:
“Maliyyə məsələsi olduqca vacibdir. Nəticəyə çatmaq üçün müəyyən vəsait lazımdır. Bir şeyi ölçmədən ona necə nail olmaqla bağlı suallar ortaya çıxır. Bu yanaşmanın üstünlükləri ilk növbətə təhsil siyasəti sahəsində olan ictimai, daxili müzakirələr konkretləşmənin gəlməsi və istinad nöqtəsinin formalaşmasıdır. Təhsil islahatı Azərbaycan üçün sosial-iqtisadi prioritetlərdə müəyyən olunmuş indikatorlara nail olmaq deməkdir”.