Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib

Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
# 15 may 2024 18:57 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

APA nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə Agentlik tərəfindən gömrük keçid məntəqələrində nüvə və radioaktiv materialların aşkarlanması üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması məqsədilə Dövlət Gömrük Komitəsinin tabeliyində olan gömrük-sərhəd buraxılış məntəqələrinin ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçiləri üçün təlim keçirilib.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissədə Agentliyin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkil etdiyi təlim kurslarında iştirak etmiş peşəkar ekspertləri – NRFTDA-nın Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdir müavini Vəfa Nadirova, Hüquq şöbəsinin müdiri Aysel Həsənova və Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov ionlaşdırıcı şüalanma, onun növləri, şüalanma dozaları, qapalı radioaktiv mənbələr, metal tullantılara sahibsiz mənbələrin qarışması yolları, idxal/ixrac əməliyyatları, xüsusi icazələrin verilməsi qaydaları, sahibsiz ionlaşdırıcı şüalanma mənbələrinin və nüvə materiallarının aşkar edilməsi, radioizotop cihazlarının istifadəsi zamani radiasiya təhlükəsizliyinin təmini, yük və mallara nəzarət qurğularının istismarı zamanı radiasiya təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi, nüvə və radiasiya təhlükəsizliyi sahəsində qanunvericilik barədə təqdimatlarla çıxış ediblər.

Praktik məşğələ zamanı əvvəlcədən gizlədilmiş mənbələrin radiasiya aşkar edən cihazlar vasitəsilə qeydə alınması, aşkar olunan mənbələrin identifikasiyası üzrə təlim həyata keçirilib.

Uğurla başa çatan təlimdə iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR