Son dövrlərdə Bakı şəhərində pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri sökülərək yeni binalarla əvəzlənməkdədir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi yaxud ödənişin vaxtında həyata keçirilməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.
Eyni zamanda bildirilib ki, əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və kirayə hüquq münasibətlərinin inkişafı məqsədilə əhəmiyyətli tədbirlər görülməkdədir. Bununla belə, mövcud mexanizmlərin təmini sahəsində bəzi çətinliklər qalmaqdadır.