Qarabağın ilk şəhidlərindən Bəxtiyar Quliyev doğum günü münasibətilə 1993-cü ildən sonra ilk dəfə dəfn edildiyi qəbiristanlıqda anılıb.
APA-nın yerli bürosu xəbər verir ki, Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində təşkil olunan mərasimdə şəhidin doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və bir qrup kənd sakini iştirak edib.
Tədbir iştirakçıları Bəxtiyar Quliyevin doğulduğu kəndin qəbiristanlığındakı anım-xatirə məzarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Çıxışlar zamanı Bəxtiyar Quliyev haqqında geniş söhbət açılıb. Ermənilərin Qarabağda torpaq iddialarına başlamasına görə 1988-ci ildə Ağdamdan Əsgərana təşkil olunan dinc yürüş zamanı ermənilər tərəfindən Əli Hacıyevlə birlikdə qətlə yetirilən 16 yaşlı Bəxtiyar Quliyevin yaxınları onun xatirəsini doğma yurdlarında anmaqlarının qürurunu yaşadıqlarını bildiriblər.
Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib ki, qardaşının anım gününün ilk dəfə doğma yurdunda keçirilməsi böyük təsəllidir: "Bəxtiyar çox mərd oğul olub. Onun 16 yaşında şəhid olması da bunun sübutdur. Atam cavan yaşlarında rəhmətə gedib. Bəxtiyar evin böyük uşağıydı. Anam həmişə deyərdi ki, atan rəhmətə gedən kimi Bəxtiyar bütün yükü öz çiyinlərinə götürdü. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Prezidentimizi qorusun".
Qeyd edək ki, Bəxtiyar Quliyevin məzar daşının qalıqları ötən il aşkar edilsə də, dağıntılar səbəbindən məzar hələ də müəyyən edilməyib. Məhz elə buna görə də digər şəhid məzarlarının yanında ona anım-xatirə məzarı yaradılıb.