DOST şəbəkəsi genişləndiriləcək.
APA xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, DOST mərkəzlərinin regional filialları açılacaq ki, bu da xidmətlərdən vətəndaşların rahat istifadə edə bilməsi üçün nəzərdə tutulub.
“2026-cı ilə qədər regional mərkəzlərin, həmin ilin sonuna isə filialların fəaliyyətə başlaması nəzərdə tutulub. Beləliklə bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq”, - deyə o qeyd edib.
Nazir deyib ki, hazırda Naxçıvan, Şuşa, Sabirabad, Gəncə, Sumqayıt, Masallı və Şəkidə Regional DOST mərkəzlərinin tikilməsi işləri aparılır:
"Regional mərkəzlərlə yanaşı ətraf rayonlar üçün onun filial şəbəkəsi də yaradılır. Məsələn, Qarabağ Regional DOST mərkəzinin əhatə etdiyi 7 rayon üzrə filialların hazırlanmasına başlanılıb. 17 yeni Regional DOST Mərkəzimiz olacaq, onlardan artıq 7-si var, növbəti iki ildə 10-nun da yekunlaşdırılması planlaşdırılıb. 2025-ci ilin sonu, 2026-cı ilin əvvəlində artıq regional şəbəkəni tam yekunlaşdırmağı planlaşdırırıq.
Eyni zamanda, 55 DOST filialı olacaq. Yəni Regional DOST mərkəzlərinin yerləşmədiyi rayonlarda o filiallar təmin olunacaq. Nazirliyin bir xidməti də tənha yaşayan ahıl şəxslərə evlərdə xidmətin göstərilməsidir. Bu sosial xidmətçilər hər gün bir rayondan başqasına gedə bilməz. Ona görə hər rayonda olacaq 20-yə yaxın sosial xidmətçi də həmin DOST filialları vasitəsilə əlaqələndiriləcək. Düşünürük ki, 2 il ərzində, yəni 2026-cı ilədək bu şəbəkəni yekunlaşdıracayıq. Bununla da struktur islahatları yekunlaşacaq".