Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfrans keçirilir.
APA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak edir.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən titanik fəaliyyətdən bəhs edib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi sayəsində ölkəmizin beynəlxalq miqyasda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığını qeyd edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün həyata keçirilən layihələrdən danışıb.
Baş prokurorun müavini Heydər Məmmədov istifadəyə verilmiş Şəki rayon prokurorluğunun yeni inzibati binası barədə danışıb.
Baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub. Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya kommunikasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki chazlarla ilə təchiz olunub.
Eyni zamanda vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələxsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılmışdır. Bundan əlavə əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, hətta idman zalı da istifadəyə verilmişdir.
Binanın işıqlandırılmasının bir hissəsini təmin etmək məqsədilə Alternativ enerji mənbəyi olan günəş enerjisini toplayan günəş panelləri quraşdırılıb:
"Təbii ki, Azərbaycan Prokurorluğun kollektivi - Ali Baş Komandan cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən bu yüksək qayğıya görə təşəkkürünü bildirir və bu etimada uyğun olaraq gələcəkdə də böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini davam edərək cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi, sahəsində bütün qüvvələrini səfərbər edəcək".