Etnik və dini mənsubiyyətinə görə, azərbaycanlılar daxil olmaqla, bir çox xalqlar Rusiyada sistemli şəkildə ayrı-seçkiliyə məruz qalır, fundamental hüquqları pozulur. Biz bu ağrını öz ailəmizin timsalında dərindən yaşayırıq. 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində yaşayan üç qardaşım və bir neçə yaxın qohumum Rusiya hüquq-mühafizə orqanlarının əsassız hücumuna məruz qalıb.
APA xəbər verir ki, bunu Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli deyib.
Seyfəddin Hüseynli bildirib ki, onların evlərinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları qəfil basqın edib: "Qadın və uşaqlar daxil olmaqla, ailə üzvlərinin gözləri qarşısında onlara dözülməz işgəncələr və əzab-əziyyət verilib. İki qardaşım – Hüseyn Səfərov və Ziyəddin Səfərov işgəncələrlə qətlə yetirilib. Digər qardaşım Bakir Səfərov daxil olmaqla, Ayaz, Akif, Kamal Səfərovlar və başqaları hələ də Yekaterinburq şəhərində həbsdə saxlanılır. Onlar barəsində tamaşa xarakterli məhkəmələr qurulub, 10-20 il arası müddətdə azadlıqdan məhrumetməyə dair əsassız hökmlər çıxarılıb. Biz hesab edirik ki, mədəni və etnik müxtəliflik, tolerantlıq hər bir dövlət üçün sərvət olmalıdır, etnik və dini mənsubiyyətə görə ayrı-seçkilik rədd edilməlidir”.