SN: Özbaşına vitamin qəbulu yolverilməzdir

SN: Özbaşına vitamin qəbulu yolverilməzdir
# 03 aprel 2024 15:09 (UTC +04:00)

Bir insanın yaxın müddətdə tez-tez xəstələnməsi immunitetinin zəiflədiyini göstərir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır ki, müvafiq müayinələr aparılsın.

İmmunitetin gücləndirilməsi ilə bağlı danışan həkim deyib ki, özbaşına vitamin qəbulu yolverilməzdir:

“Yaxşı olar ki, həkimə müraciət edilsin. Bununla yanaşı meyvə qəbulu arzu olunandır”.

Həkim bildirib ki, stress, oturaq həyat tərzi, əlüstü yeməklərlə qidalanma immun sistemini zəiflədən faktorlardandır:

“Davamlı alkoqollu içki qəbulu, siqaretdən istifadə də immun sistemini zəiflədir. Eyni zamanda bəzi hallarda insanların sadə sudan çox, tərkibində şəkər olan sulardan istifadə edirlər. Bu isə arzuolunmazdır. Yaxşı olar ki, gündəlik maye qəbulunun təmin edilməsi üçün qazsız, şəkərsiz, tərkibində rəngləndiricilərin olmadığı sudan istifadə edilsin”.

D vitamini çatışmazlığı barədə danışan həkim deyib ki, qış aylarından sonra bu insanlar arasında müşahidə edilən hallardandır. Həkim deyib ki, B vitamini, dəmir əskikliyi, eyni zamanda D vitamini çatışmazlığı zamanı ümumi əlamətlərdən biri halsızlıqdır:

“Lakin insan özündə müəyyən narahatlıq hiss edirsə, bu orqanizmin siqnalıdır. Ona görə həkimə müraciət etmək, müayinə olunaraq narahatlığın, halsızlığın, bədəndəki ağrıların bəlli səbəbini müəyyənləşdirmək lazımdır”.

Xroniki yorğunluq barədə məqama aydınlıq gətirən həkimin sözlərinə görə, yorğunluğa səbəb olan bütün səbəblər inkar edildikdən sonra insanda hələ də yorğunluq müşahidə edilirsə, bu, xroniki yorğunluqdur.

“Burada əsas səbəb gərgin iş rejimi, oturaq həyat tərzi, stress faktorunun düzgün idarə edilməməsi, yuxu rejiminin pozulmasıdır. Bu insanlar depressiv olur, heç nədən həzz almır, halsızlıq, yorğunluq olur, daim yatmaq istəyirlər. Bu zaman digər səbəblər inkar edildikdən sonra psixiatra yönləndirilərək müvafiq müalicə təyin edilir”.

Həkimin sözlərinə görə, bir insanda hansısa hansısa xəstəlikdən sonra müəyyən müddət yorğunluq ola bilər:

“Bu halda yorğunluq müəyyən müddətdən sonra keçir və insan özünü toparlayır. Lakin yorğunluq yaradan digər səbəblər, məsələn qan azlığı, vitamin çatışmazlığı və s. inkar edildiyi halda, yorğunluqla bağlı simptomlar davam edirsə, bu xroniki yorğunluq hesab edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR