Ucarda bəzi şəxslər diabet xəstələri üçün lazım olan dərmanı ala bilmədiklərini deyiblər.
APA-nın yerli bürosunun xəbərinə görə, şəkərli diabet xəstələrindən bəziləri artıq ikinci aydır onlara təyin edilmiş pulsuz dərmanları ala bilmədiklərini deyiblər.
Şikayətçilər bildirib ki, həkim diaqnozu əsasında təyin edilmiş dərmanların azad satışı olmadığından çətinlik çəkirlər.
Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, insulin analoqları yalnız müvafiq tibbi göstəriş əsasında təyin oluna bilər.
"Belə hallarda xəstənin vəziyyətini əks etdirən epiqriz, əlavə diaqnozlar və ağırlaşmalar barədə məlumatları əhatə edən sənədlər təqdim edilməlidir. Xəstəyə insulin analoqu təyin edən endokrinoloq Respublika Endokrinoloji Mərkəzinin və ya müvafiq tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasının rəyinə əsaslanan sənəd təqdim etməlidir. Bu sənəddə insulin analoqunun istifadəsinin zəruriliyi və tibbi əsaslandırılması açıq şəkildə göstərilməlidir. Belə sənədlər təqdim olunmadıqda, xəstəyə yalnız mövcud normaya uyğun dərman təminatı həyata keçirilir və insulin analoqunun miqdarında artım edilmir", - açıqlamada qeyd olunub.
TƏBİB-dən o da vurğulanıb ki, Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda 2938 nəfər şəkərli diabet xəstəsi var: "Nazirlər Kabinetinin 2005-ci il 87 nömrəli qərarı ilə bu xəstələr dərman preparatları ilə təmin olunurlar. Onlardan 13 nəfəri 18 yaşa qədər şəkərli diabet xəstələridir".