Fiziki şəxslərin və qurumların beynəlxalq siyahılardan (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil edildiyi siyahılar) çıxarılması qaydası müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, beynəlxalq siyahılara daxil edilmə üçün əsaslar aradan qalxdıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müraciət əsasında sanksiya komitələrinin müəyyən etdiyi prosedurlara uyğun olaraq fiziki şəxsin və ya quruma verir. Beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslər və qurumlar həmin siyahılardan çıxarılmaları barədə bilavasitə və ya nümayəndələri, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə sanksiya komitələri tərəfindən müəyyən edilmiş ombudsman və ya əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Beynəlxalq siyahılardan çıxarılma barədə müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 ay müddətində baxılır, müvafiq təqdimat hazırlanır və təqdimat, təqdim olunmuş sənədlərlə, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış yekun rəylə birlikdə sanksiya komitələrinə göndərilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.