Bəzi peşə sahiblərinə verdiyimiz sənəd artıq standarta çevrilib.
APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bunu təkcə fərdi müraciət əsasında yox, korporativ müraciətlər əsasında da həyata keçirirlər.
"Verdiyimiz sənəd peşə təhsili səviyyəsində diplomdur. Həmin şəxs artıq bazarda təhsilli şəxs kimi tanınır. Şirkətlər maraqlıdırlar ki, onlarda çalışan insanların sənədi olsun. Bu, həm də peşəkarlıq göstəricisidir. Bəzən heç müraciət edən şəxs tələblərə cavab vermədiyi üçün sənəd ala bilmir. Amma əksər hallarda alırlar" - deyə o qeyd edib.
Ülkər Səttarova əlavə edib ki, müxtəlif peşə sahələri üzrə sənəd verilmiş şəxslər TKTA-nın kadr bankına əlavə ediləcək. Bu, onlara daha tez iş tapmaqda kömək olacaq.