Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, bu gün Türkiyə Respublikası səhiyyə nazirinin müavini Tolqa Tolunay və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini general-mayor Durmuş Aydemir FHN-in mobil səhra hospitalında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitalda müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıblar.
T.Tolunay və D.Aydemir hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.
***
13.50
Türkiyə səhiyyə nazirinin müavini, professor Tolqa Tolunay Kahramanmaraşda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən quraşdırılan mobil səhra hospitalına baş çəkib.
APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, nazir müavini burada fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və tibbi personalı ilə görüşüb, səhra hospitalında olan xəstələrin səhhəti ilə maraqlanıb.
Etibar Mirzəyev yaradılan şəraitlə bağlı türkiyəli nazir müavininə məlumat verib.
Qeyd edək ki, Kahramanmaraşda FHN tərəfindən iki mobil səhra hospitalı fəaliyyət göstərir.