Bank Of Baku

Türkiyədən Azərbaycana gətirilən ailələr təəssüratlarını bölüşüblər: Dəhşətli zəlzələ idi, çox sarsılmışıq - FOTO

Türkiyədən Azərbaycana gətirilən ailələr təəssüratlarını bölüşüblər: Dəhşətli zəlzələ idi, çox sarsılmışıq  - FOTO
# 13 fevral 2023 12:48 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Türkiyədəki zəlzələ bölgəsindən 6 ailə fevralın 10-da Azərbaycana gətirilib. Vətəndaşlar arasında 10 uşaq və 12 böyük olub.

APA xəbər verir ki, ailələr müayinə və müalicə üçün tibb müəssisəsinə yerləşdiriliblər.

Bu gün həmin ailələrin hazırkı vəziyyəti barədə Elmi Tədqiqat Pediatriya İnstitutunda jurnalistlərə açıqlama verilib. Eyni zamanda, ailələr jurnalistlərə zəlzələ anı ilə bağlı təəssüratlarını bölüşüb, hazırkı vəziyyətlərindən danışıblar.

Gətirilən ailələrdən Qaziantepdən olan 4 aylıq Neşet Alp Karanın atası Ata Yusuf Kara deyib ki, zəlzələdən sonra 3 gün çöldə qalıblar: “Zəlzələ baş verəndə çölə çıxdıq və ondan sonra da afterşoklar davam etdi, evə girə bilmədik. Dəhşətli zəlzələ idi, çox sarsılmışıq”.

6 aylıq Kan Güneyin anası Ülviyyə Həsənova zəlzələ baş verəndə yuxudan uşağın səsinə oyandıqlarını deyib: “Saat 4 olardı, uşağın səsinə oyandıq. Uşağı götürüb çölə qaçmışıq. Yaşadığımız bina dağılmasa da, çatlar əmələ gəlib. Bədənimizdə hansısa xəsarət yoxdur, amma psixoloji olaraq çox sarsılmışıq”.

Zəlzələdən 4 gün əvvəl dünyaya göz açmış Enver Can Özkapın anası Gülnarə Qədimova deyib ki, uşaqda stressdən sarılıq yaransa da, indi vəziyyəti yaxşılaşır: “Qaziantepdə 3 mərtəbəli binada yaşayırdıq. Zəlzələ zamanı ayağı-başı açıq böyüklü-kiçikli çölə qaçmışıq. Yaşadığımız bina köhnə tikili idi, çatlar əmələ gəldi. 3 günə qədər çöldə qaldıq. Kiçik çadırlar qurub, od qalayıb isinməyə çalışırdıq. Çarəsiz vəziyyətdə qalmışdıq”.

Onun sözlərinə görə, ərazidə daha əvvəllər hiss ediləcək dərəcədə yeraltı təkanlar olmayıb: “Hər kəs deyir ki, burada ilk dəfədir belə zəlzələ olur. Şəhər demək olar ki, dağılıb. Orada qalan qohumlarımız deyirlər ki, evə 5-10 dəqiqəlik isinmək üçün keçsələr də, çöldə qalırlar. Yeni tikililərin demək olar, hamısı uçub”.

Gülnarə Qədimova hələ bir müddət Azərbaycanda qalacaqlarını deyib.

Aləmdə Nəsib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR