UNEC ilə Abşeron Logistika Mərkəzi arasında memorandum imzalanıb

UNEC ilə Abşeron Logistika Mərkəzi arasında memorandum imzalanıb
# 05 mart 2024 14:55 (UTC +04:00)

UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan və ilk özəl yerli logistik mərkəz kimi fəaliyyət göstərən Abşeron Logistika Mərkəzində olub.

APA xəbər verir ki, “Abşeron Logistika” MMC-nin İdarə heyətinin sədri Ziya Ağayevin və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə UNEC-də təhsil alan tələbələrin müasir tələblərə uyğun təhsil alması məqsədilə səylərin birləşdirilməsi, tələbələrin təcrübəsinin təşkili, UNEC-də ixtisaslaşmış auditoriyanın yaradılması, startap fəaliyyətinə dəstək imkanları barədə müzakirələr aparılıb.

Müzakirələrin sonunda UNEC ilə “Abşeron Logistika” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda tərəflər arasında birgə elmi-texniki yeniliklərin tətbiqi, birgə layihələrin hazırlanması, tələbə startaplarına dəstəyin göstərilməsi, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı, tələbələrin təcrübələrinin təşkilinə şəraitin yaradılması, UNEC-in təklif etdiyi ixtisasartırma, sertifikat və mini MBA proqramlarının təşkil edilməsi və digər istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

UNEC nümayəndələri sonra Mərkəzin infrastrukturu və müasir tələblərə cavab verən iş modeli ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR