"Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib

"Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib
# 15 aprel 2024 11:09 (UTC +04:00)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib.

APA xəbər verir ki, bu tədbir Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır. Toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizdə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində fəaliyyət göstərən həkimlər iştirak edib.

Toplantı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra tədbirin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsinin fəxri sədri, Prof. Kamran Musayev mədəniyyət paytaxtımız Şuşada ilk dəfə keçirilən elmi tibbi toplantının əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm zəfər sayəsində hər bir Azərbaycan vətəndaşı kimi ürək-damar cərrahları da qürurludur.

Daha sonra TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov çıxış edib. Ürək-damar cərrahlarının Şuşada keçirilən elmi toplantısının həkimlərin elmi yenilikləri müzakirə etməsinə və təcrübə mübadiləsi aparmasına mühüm töhfə verəcəyini bildirib.

AÜDCC-nin sədri Ramil Əliyev toplantının proqramında ürək-damar cərrahları və kardioloqların çıxışlarına yer ayırıldığını, həm çıxışların, həm də aparılacaq müzakirələrin iştirakçıların biliklərini yeniləməsi və təcrübə mübadiləsi üçün faydalı olacağını bildirib.
Daha sonra toplantı panel müzakirələrlə davam edib. Çıxışçılar "Anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsində minimal invaziv üsullar", "Qulaqcıq fibrilyasiyasında LAA bağlanması: kimə və nə zaman?", "Arkus aortanın odlu silah yaralanmasına cərrahi yanaşma", "Aşağı ətrafın asimptomatik periferik arterial xəstəliyi və fasiləli axsama: 2024-cü il klinik təcrübə təlimatları", "Minimal İnvaziv qapaq cərrahiyyəsi: kimə və nə zaman?", "Funksional mitral çatışmazlığında diaqnostika və medikamentoz müalicə", "Dərin venoz trombozun müalicəsində müasir yanaşma" və "Açıq ürək əməliyyatından sonrakı ECMO: zamanlama və taktika" mövzularında təqdimatlar edib, mövzular ətrafında diskussiya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR