Xankəndidə qondarma “parlament”in və “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının qanunsuz binaları sökülür - FOTO - VİDEO

Xankəndidə qondarma “parlament”in və “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının qanunsuz binaları sökülür - FOTO  - VİDEO
# 05 mart 2024 16:26 (UTC +04:00)

Xankəndi şəhərində işğal dövründə inşa edilmiş qanunsuz tikililər sökülür.

APA-nın əməkdaşı Xankəndidən xəbər verir ki, belə qanunsuz tikililər arasında qondarma qurumun “parlament” adlanan binası və “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı da (“YERKRAP”) adlanır) da var.

Xankəndidə qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər.

Lakin bu iddiaların hamısı əsassızdır.

Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb.

Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub.

Qondarma qurumun “parlament” binasına və “YERKRAP”-ın binasına gəldikdə, hər iki bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının hazırlandığı və icra edildiyi məkan hesab olunur.

Qondarma “Arsax parlamenti”nin binasının açılışı separatçı rejimin elan edilməsinin 16-cı ildönümü günü - 2007-ci il sentyabrın 2-də olub. Mərasimdə Ermənistan parlamentinin spikeri Tiqran Torosyan da iştirak edib.

Binanın tikintisi zamanı külli miqdarda yeyintiyə yol verildiyinə dair mətbuatda faktlar dərc olunub. Məlumatlara görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, lakin bu vəsait kifayət etməyib, ona görə də 2007-ci ildə əlavə olaraq 985 min ABŞ dolları ayrılıb. Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən sponsorlardan da əlavə vəsaitlər alınıb.

“Parlament” binası Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib.

“Arsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı (YERKRAP)) isə üçmərtəbəli olub, bina yuxarıdan baxdıqda xaç işarəsini xatırladıb.

Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş binanın açılışı 2013-cü il mayın 9-da baş tutub. Açılışda Ermənistan prezidenti Serj Saqsyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak edib.

Binanın açılışı mayın 9-na Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunub (Şuşa 1992-ci il mayın 8-də işğal olunsa da, ermənilər həmin günü 9 mayda qeyd edirdilər). Açılış bu münasibətlə Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş verib.

Bina separatçı rejimin “müdafiə nazirliyi”nin dəstəyi və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada ölmüş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda “investisiya” qoymuş VALLEX-qrup və Moskva, Stavropol şəhərlərindəki erməni diasporunun nümayəndələrinin sponsorluğu ilə tikilib.

Məlumdur ki, “YERKRAP” terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərib, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edib.

Təyinatından da aydın olduğu kimi, erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərinin sökülməsində qeyri-adi nəsə axtarmaq ancaq axmaq adamların ağlına gələ bilər.

Bununla yanaşı, qeyd olunduğu kimi, işğal dövründə Xankəndidə Baş plandan kənar qanunsuz tikililər inşa olunub. Qanunsuz tikililərin isə Azərbaycanın istənilən yerində qarşısı alınır.

Xatırlatmaq yerinə düşər ki, işğal zamanı xunta rejimi Şuşada da “parlament binası” inşa etməyə başlamışdı. Lakin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi binanın inşasını yarımçıq, ermənilərin arzusunu gözündə qoydu.

Prezident, Ali Baş komandan İlham Əliyev Şuşa işğaldan azad olunandan sonra oradakı çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar: “Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı. Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”.

Sonradan həmin bina da söküldü, çünki qanunsuz inşa olunurdu. Yerində isə hotel binası tikilərək, istifadəyə verilib.

Bütün bunlar onu göstərir ki, ermənilər, Ermənistan başqasının torpağından gözünü çəkməli, ərazi iddialarından birdəfəlik vaz keçməlidir. Azərbaycanın öz ərazisində hansı qərarı verib, hansı addımı atması onun öz işidir. Ermənilər isə yersiz iddiaları ilə özlərini yalnız gülünc vəziyyətə salırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR