“Ermənistanın işğalı dövründə “İmarət” kompleksi tamamilə məhv edilib. Onlar bu tarixi əhəmiyyətli binanı heyvanların saxlanılması və digər məqsədlər üçün istifadə ediblər”.
APA-nın xəbərinə görə, bunu Ağdamdakı “İmarət” kompleksini ziyarət edən tarixi abidələrin bərpası üzrə ekspert Alessandro Bianki jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, hazırda olduqları ərazi Qarabağın işğaldan sonrakı bərpasının rəmzidir: “Erməni işğalı dövründə “İmarət” kompleksi dağıdılıb. Onlar bu tarixi əhəmiyyətli binanı heyvanların saxlanılması və digər məqsədlər üçün istifadə ediblər. Burada vəziyyət çox pisdir, çünki hər tərəf dağıdılıb. Biz gördük ki, bu məbədin bərpası üzrə plan hazırlanıb. Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu bu işlərin aparılmasına nəzarət edir. Biz bu tarixi məbədin orijinal formasında bərpa olunaraq Ağdam sakinlərinin istifadəsinə veriləcəyinə ümid edirik. Ötən il biz bu ərazidə görülən işlərlə tanış olmuşduq. Hazırda əldə olunan nəticə hər birimizi məmnun edir. Bura Azərbaycan tarixinin önəmli bir abidəsi olmaqla yanaşı, həm də Qarabağın işğaldan sonrakı bərpasının rəmzidir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.
Fərid Azəri
Elgün Gəncimsoy