Beynəlxalq səyyahlar azad olunmuş ərazilərə səfər çərçivəsində Cəbrayıl rayonunda olublar.
APA xəbər verir ki, səyyahlar rayon ərazisində işğal zamanı dağıdılmış yaşayış məntəqələrini müşahidə ediblər.
Daha sonra onlar Cəbrayıldakı tarixi Xudafərin körpüsünü ziyarət ediblər.
Səyyahlara Azərbaycan Ordusunun Cəbrayılı, Xudafərin körpüsünü işğaldan azad etməsi barədə məlumatlar verilib. Bildirilib ki, işğal altında olmuş bu ərazilərdə də yaşayış evləri, tarixi, mədəni abidələr erməni vandalizminə məruz qalıb.
Qeyd edək ki, 12 ölkəni (ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiya) 30 nəfərlik səyyahlar qrupunun fevralın 4-də Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Səyyahlar daha əvvəl Füzuli, Xocavənd rayonlarında, Şuşada, Kəlbəcər və Ağdamda olublar.
Xarici səyyahlar, həmçinin Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gediblər.