“APA-Economics”in xəbərinə görə, layihə bütün “Hyundai” sahiblərinin “Mən də iştirak edirəm” şüarı ilə həyata keçirilib. Məqsəd qəzanın baş verdiyi avtomobilin markasından və günahkarın kimliyindən asılı olmayaraq, valideynlərini avtomobil qəzalarında itirmiş 16 yaşadək uşaqlara maddi və mənəvi dəstək vermək olub.
Bu il müraciət edən 323 ailədən 622 uşağa yardım göstərilib. Məktəblilərə noutbuk (bir evdən 2 və daha artıq məktəbli varsa, 1 noutbuk, qalan hissəsi isə pul yardımı), 8 yaşa qədər bütün uşaqlara oyuncaqlar, nağıl kitabları, məktəb yaşı tamam olmayan uşaqlara nağd pul, hər iki valideynini itirmiş uşaqlara isə əlavə 200 AZN əlavə yardım edilib.
Layihəyə başlayarkən şirkətin şərti 16 yaşına qədər olan və valideynlərini 2008-ci ildən sonra itirmiş uşaqların iştirakı olsa da, yaşı 16-dan yuxarı uşaqların hər birinə 100 AZN pul, 2008-ci ildən əvvəl valideynlərini itirmiş uşaqlara isə heç bir fərq qoymadan tam məbləğdə yardım göstərilib. Layihənin yekunu olaraq uşaqların iştirakı ilə Bakının prestijli restoranlarının birində tədbir keçirilib. Tədbirdə müğənnilər Faiq Ağayev, Rəhim Rəhimli, Sevda Yəhyayeva, Niyam Səlami, DJ Tural Yusifov, aparıcı Nəsib Nur uşaqları əyləndirməklə yanaşı, hər kəsi, xüsusilə sükan arxasında olanları yollarda ehtiyatlı və məsuliyyətli olmağa çağırıblar.
Qeyd edək ki, “Gələcəyimiz üçün əl-ələ” layihəsi “Hyundai”-ın beynəlxalq miqyasda həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramının bir hissəsidir. Kampaniya Azərbaycanda 2010-cu ildən keçirilir. 2010-2011-ci illərdə 130-a yaxın uşağa 150 min dollaradək yardım edilib.
“Builki layihənin büdcəsi 200 min manata yaxın nəzərdə tutulsa da, müraciətlərin çoxluğunu görüb məbləği artırdıq. Bütün “Hyundai” sahiblərinin builki layihədə iştirakına gəldikdə isə, brend öz inkişafında onların əvəzsiz rolunu qiymətləndirir. İctimai bəla olan qəzaların ağır nəticələrinə qarşı sərf etdiyimiz vəsaitdə hər bir “Hyundai” sahibinin payı var və biz buna görə onlara təşəkkür edirik” - deyə “Hyundai”-ın Azərbaycandakı rəsmi distribüteri “Auto Azərbaycan” şirkətinin PR meneceri Firdovsi Xəlilov bildirib.