Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinə həsr olunan “Azərbaycan müəllif-hüquq sistemi 20 ildə” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib ki, qurum 1993-cü ildə Azərbaycanın ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda dövlət orqanı kimi yaradılıb. Onun sözlərinə görə, 1996-cı ildə isə əqli mülkiyyət üzrə “”Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun qəbul edilib: “2005-ci ildə prezident İlham Əliyevin təsdiq etdiyi əsasnaməyə əsasən, Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, digər əqli mülkiyyət hüquqları və qeyri-maddi mədəni irsin qorunması sahəsində mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir. Hazırda agentlik müəllif-hüquq sahəsində 70-dən çox vəzifə və funksiya yerinə yetirir.
Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər sektorunun müdiri Elxan Bağırzadə bildirib ki, 20 il ərzində ölkədə müəllif hüquqlarının, qeyri-maddi irsin qorunması sahəsində böyük işlər görülüb: “Bu gün Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində tətbiq edilən sistem MDB məkanında ən inkişaf etmiş nümunəvi sistemlərdən biri hesab olunur. Hazırda ölkədə müəllif hüquqları sistemini tənzimləyən 5 qanun var və bunlar da uğurla davam etdirilir”.
Milli təhlükəsizlik naziri xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov nazir Eldar Mahmudovun təbrik məktubunu çatdırıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qurumla hər zaman qarşılıqlı fəaliyyət göstərdiklərini deyib. Onun sözlərinə görə, komissiya tərəfindən hazırlanan bütün vəsaitlərin müəlliflik hüquqları yüksək səviyyədə qorunur.