Bakı. Ramil Məmmədli - APA. BP şirkəti və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər” mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Amerika Hüquqşünaslar Assosiasiyasının mütəxəssisi Meri Tompson açıb. O, mövzunun əhəmiyyətini vurğulamaqla yanaşı, bu istiqamətin Bakı Dövlət Universitetində tədris olunmasını təqdir edib: “Konfrans enerji məsələlərinin müzakirəsi baxımından yaxşı imkanlar yaradır”.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib ki, hüquq məsələlərində sağlam mülahizəyə ehtiyac var. O, enerji və dəniz hüququnun siyasətlə bağlılığı haqda da danışıb.
BDU-nun rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov bildirib ki, neft sənayesinin vətəni olan Azərbaycanda bu mövzuda və belə miqyasda ilk dəfədir tədbir keçirilir. Konfransa beynəlxalq diqqətdən məmnun olduğunu bildirən A.Məhərrəmov təmsil etdiyi ali məktəbin bu istiqamətin tədrisində maraqlarını da ifadə edib.
“Hüququn yeni bir istiqaməti kimi dəniz və enerji hüququnun inkişafı: tarixi aspektlər, dünya dövlətlərinin praktikası və Azərbaycan Respublikası” mövzusunda isə BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev çıxış edib.
Konfransda BP şirkətinin, Azərbaycanın, Niderland Krallığının, Böyük Britaniyanın adıçəkilən istiqamət üzrə mütəxəssislərinin “Azərbaycan Respublikasının neft strategiyasının hüquqi xidmət bazarının inkişafında rolu”, “Hasilatın pay bölgüsü vergisinin Azərbaycan Respublikasında tənzimlənməsi”, “Mərkəzi Asiyada enerji investisiyaları: yeni istiqamətlər və problemlər”, “Enerji mübahisələrinin alternativ həlli yolları” və digər mövzularda çıxışları da dinlənilib.