APA-nın məlumatına görə, tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev bildirib ki, son zamanlar güclü yağışların yağması şəhərin müxtəlif ərazilərində kanalizasiya xətlərinin su ötürücülük qabiliyyətinin istənilən səviyyədə olmadığını göstərir, bu da öz növbəsində yollarda tıxacların yaranmasına və sakinlərin ciddi narazılığına səbəb olur. Bakı şəhərində baş verəcək fövqəladə halların qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlərin koordinasiyasını aparan qurum kimi bu mövzu FHN Bakı Regional Mərkəzinin daim diqqət mərkəzindədir.
Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi Vaqif Teymurov yağış sularının yaratdığı fəsadlardan danışıb. O, yağış sularının toplanaraq şəhər təsərrüfatında istifadə olunmasının vacibliyinə toxunub.
Daha sonra Bakı rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, AMEA Coğrafiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı”, “Azəryolservis” ASC və “Azərsu” ASC-nin mütəxəssisləri arayışla çıxış edib, təkliflər səsləndiriblər. Sonda “Azərsu” ASC-nin Rotterdamda (Niderland) keçirilmiş Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda “Su resurslarının idarə edilməsi” nominasiyası üzrə birinci yeri tutmuş “Yeraltı infrastrukturun idarə olunması - AzersuCİS” layihəsinin interaktiv təqdimatı keçirilib.