Bakı. Şamil Əlibəyli – APA. Bakıda “Cənubi Qafqaz ölkələrinin məktəb dərsliklərinin çarpaz təhlili” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabda Cənubi Qafqaz ölkələri mütəxəssislərinin hər bir ölkədə istifadə olunan tarix dərslikləri barədə fikirləri, təhlilləri əksini tapıb.
Tədbirdə çıxış edən müəlliflərdən biri, “3-rd view” analitik informasiya agentliyinin baş redaktoru Rauf Rəcəbov əvvəlcə kitab barədə qonaqlara məlumat verib. O bildirib ki, vaxtilə Almaniya, Polşa və Fransa arasında olan müharibən sonra üç ölkə tarixi müstəvidə araşdırma aparıblar və bunun nəticəsində vahid bir kitab nəşr ediblər: “Biz də buna əsaslanaraq belə bir kitab yazmağa qərar verdik. Əminəm ki, həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan xalqları bir region təmsilçiləri kimi birgə yaşamalıdır, problemləri obyektiv şəkildə çözməlidirlər. Kitab mənbələr əsasında yazılıb və mən şadam ki Azərbaycan tarixçiləri kitab üçün öz unikal tövsiyələrini veriblər. Eyni zamanda istərdik ki, kitabda qeyd olunan məsələlər məktəblərdə istifadə olunan tarix dərsliklərində də əks olunsun. Bununla bağlı TQDK ilə iş aparılır”.
Daha sonra kitab müəllifi tədbirə qatılan qonaqları maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, rus dilində olan kitab Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Qloballaşma və regional əməkdaşlıq üzrə analitik mərkəz” tərəfindən nəşr olunub. Rauf Rəcəbovla birgə kitabın müəllifləri Stepan Qriqoryan (Ermənistan) və Vaxtanq Kolbayadır (Gürcüstan).