Bakı. Gülnar Bəşirova-APA. Bu gün Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “İmmunlaşdırma həftəsi”nə həsr olunan konfrans keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib ki, artıq 8 ildir Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun “İmmunlaşdırma Həftəsi” keçirmə təşəbbüsündə iştirak edir: "Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Obrazlı desək, peyvəndi bəyənməyənlər də var. Amma biz tibb işçiləri bilirik ki, bunun alternativi yoxdur. Peyvənd haqda mənfi fikir söyləyənlərin içərisində çox təəssüf ki, həkimlər də var. Bizim məqsədimiz odur ki, bu kimi mənfi fikirlərin qarşısını alaq”.
N. Quliyev vurğulayıb ki, inkişaf etmiş ölkələrdə olan vaksinlərin ölkəyə gətirilməsi çox maliyyə tələb etsə də, dövlətin ayırdığı vəsait hesabına həmin vaksinlər yaxın vaxtlarda Azərbaycana gətiriləcək.
Mərkəzin baş direktorunun epidemioloji məsələlər üzrə müavini Afaq Əliyeva bildirib ki, 2013-cü ildə peyvəndlərin tətbiqi ümumilikdə qənaətbəxş hesab olunur: "Lakin peyvəndlərin tətbiqində bəzi rayonlarda problemlər var, buna da səbəb uşaqların qeydiyyatının hesabata düzgün daxil edilməməsidir. Lakin "İmmunlaşdırma həftəsi" ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcək. Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılmasına aid tədbirlər aparılacaq, həmçinin SMS vasitəsi ilə xəbərdarlıq ediləcək".
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Dr. Niyazi Cakmak çıxış edib.
Konfrans müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, 2014-cü ildə Avropa İmmunlaşdırma Həftəsinin əsas mövzusu “Həyat naminə immunlaşdırma"dır. ÜST- nin Avropa Regionunda keçirilən tədbirlər bütün yaş qruplarını əhatə edəcək. Bu il də ÜST-nin bütün regionları səylərini birləşdirərək Ümumdünya İmmunlaşdıma Həftəsini (ÜİH) qeyd edirlər.