Bakı. Ramil Məmmədli – APA. Rus dilində nəşr olunan “Kavkaz və Velikiye Tyurkskiye İmperii” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən kitabın müəllifləri Nərgiz Axundova və Rauf Hüseynzadə nəşrin elmi əsaslara söykəndiyini və ümumdünya türk tarixinin hazırlanması üçün bir baza olduğunu deyiblər. Kitabın rus dilində nəşrinin əhəmiyyətinə də toxunan müəlliflər bildiriblər ki, burada yer alan tarixi həqiqətlər Qafqazın tarixi keçmişi haqda müfəssəl məlumat verir.
Yeddi fəsildən ibarət olan kitabda Qafqazda hökmranlıq edən Hun, Xəzər, Səlcuq, tatar-moğol, teymurilər, Səfəvi, Osmanlı dövlətləri, o cümlədən bu imperiyaların Qafqazın inkişafındakı rolu barədə tarixi faktlar açıqlanıb. Həmçinin, bu dövlətlərin inzibati arealı da xəritə vasitəsilə təqdim olunub. Nəşrdə Avropanın və şərqin tanınmış tarixçi və filosof alimlərinin türklər haqda dediklərinə də yer ayrılıb.