Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi “Narkotiklərə “Yox” deyək!” devizi altında bir sıra tədbirlər həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirlərdə Respublika Narkoloji Mərkəzinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin nümayəndələri və müvafiq mütəxəssisləri iştirak edib. “Narkotiklərə “Yox” deyək!” adlı bir sıra tədbirlər Mingəçevirdə, Lənkəranda, Gəncədə təşkil olunub.
Qeyd edək ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” Dövlət Komissiyası tərəfindən icra olunmaqdadır. Bakı şəhərində narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsil alanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması məqsədi ilə “Narkotiklərə “Yox!” deyək!” adlı kütləvi ictimai kampaniya keçirilir.