Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri “Naxçıvan Muxtar Respublikasının Geoloji Ensiklopediyası”nı hazırlayır.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə institutun şöbə rəhbərləri, geologiya-mineralogiya elmləri doktorları – Şıxəli Babayev, Muxtar Rüstəmov, Novruz Novruzov, coğrafiya elmləri doktoru Vaqif Məmmədov, həmçinin gənc alim Fuad Rəhimov və Coğrafiya İnstitutunun şöbə rəhbəri, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov Naxçıvanda ekspedisiya həyata keçiriblər. Mütəxəssislər muxtar respublikanın bütün rayonlarında Paleozoydan tutmuş IV Dövr çöküntülərinə qədər olan süxur qatlarını tədqiq edib, onların koordinatlarını müəyyənləşdirib, lay dəstələrinin stratotip kəsilişlərinin fotolarını çəkiblər.
Bu ilin sonunda tədqiqatların yekunlaşdırılması və ensiklopediyanın çap edilməsi nəzərdə tutulur.