Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun iştirak etdiyi “Qafqazın tektonikası” adlı beynəlxalq layihənin icrası başa çatıb. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İsveçrənin Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilmiş üçillik layihənin nəticələri adıçəkilən Avropa ölkəsinin Friburq Universitetində müzakirə olunub. Müzakirələrdə Geologiya İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli və gənc alimi Tofiq Rəşidov da iştirak ediblər. Müzakirə toplantısında Cənubi Qafqaz ölkələri, Rusiya və İsveçrə alimlərinin əldə etmiş olduğu məlumatlar uzlaşdırılıb. Qərara gəlinib ki, ilk dəfə olaraq coğrafi informasiya sistemi tətbiq edilməklə 1:500000 miqyaslı “Qafqazın rəqəmsal tektonik Xəritəsi” nəşr edilsin. Xəritənin nəşri 2014-cü ilə nəzərdə tutulur.
Azərbaycan alimləri İsveçrənin geologiyası ilə tanışlıq üçün təşkil olunmuş Yura dağlarına 2 günlük ekskursiyada da iştirak ediblər.