Bakı – APA. Noyabrın 4-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 16 baş çöl quşunun patoloji materialları və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1335 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən xəbərə görə, müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
DBX xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadə olunması qəti qadağandır.
Növbəti monitorinqin dekabrın 9-da başlanması nəzərdə tutulur.