Bank Of Baku

“SABAH” qruplarında iştirak edəcək tələbələrin qeydiyyatına başlanır - FOTO

“SABAH” qruplarında iştirak edəcək tələbələrin qeydiyyatına başlanır - <span style="color: red;">FOTO
# 13 may 2014 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən ali məktəblərdə yeni yaradılan  “SABAH” qruplarında iştirak edəcək tələbələrin qeydiyyatına başlanır. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyində ali məktəblərdə yeni yaradılacaq “SABAH” qruplarının təqdimatı ilə bağlı keçirilən mətbuat  konfransında çıxış edən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, yeni yaradılan “SABAH” qrupları ölkədə müasir tələblərə cavab verən gənclərin hazırlanmasına böyük təkan verəcək.

 

C. Valehov qeyd edib ki, yeni qrupun yaradılmasından söhbət gedərkən öncə dövlət ali təhsil müəssisələrinin burada təmsil olunması nəzərdə tutulurdu. Lakin aparılan müzakirələrdən sonra qərara alınıb ki, “SABAH” qruplarında həm dövlət, həm də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı mümkündür.

 

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev isə bildirib ki, “SABAH” qruplarının yaradılması təklifi ötən il müəllimlərin qurultayında təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib və qısa müddətdə bu istiqamətdə işlər görülüb. Ölkədə iqtisadiyyatın sürətlə inkişaf etdiyini deyən nazirlik rəsmisi əlavə edib ki, bu inkişafa lazım olan kadrlar bəzən bu sürətə davam gətirə bilmir: “Biz də həmin kadr potensialına olan tələbatı bu qrupların yaradılması ilə həll etmək istəyirik. Ölkənin 32 dövlət və özəl ali təhsil müəssisəsinin tələbləri “SABAH” qruplarında iştirak edə biləcək. 8 baza-ali təhsil müəssisəsində yaranacaq bu qruplarda 20 minə yaxın tələbə 52 ixtisas qrupunda təmsil olunacaq. Bu ixtisaslara iqtisadiyyat və ölkə üçün prioritet ixtisaslar - sənaye, təhsil və digərləri daxildir. İlk olaraq növbəti tədris ilində 1300 tələbə II kursdan SABAH qruplarında təhsil ala biləcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq. “SABAH” qrupunun tələbələri üçün həm tədris fərqli olacaq, həm də əlavə imkanlar yaradılacaq. Bu gün ali məktəblərinin yataqxanası yoxdur. Amma Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Damla” yataqxanası Təhsil Nazirliyinin balansındadır. Həmin yataqxanada 300 tələbə yerlə təmin olunacaq”.

 

Təhsil Nazirliyinin Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov bəyan edib ki, “SABAH” qruplarına qeydiyyat və digər məsələləri əhatə edən sabah.edu.az internet saytı fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu gün səhərdən tələbələrin qeydiyyatı aparılır və bu prosesdə tələbələr aktiv iştirak edirlər. “SABAH” qruplarının müsabiqəsində I kursda orta akademik göstəricisi 61-dən yuxarı olan və yalnız öz ixtisası üzrə iştirak edə bilər. “SABAH” qrupları üzrə 8 baza ali təhsil müəssisəsində 52 ixtisas cəmləşib. Universitetlərdən ən çox ixtisas Bakı Dövlət Universitetində (22 ixtisas), ən az ixtisas isə Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetindədir. Sənədlərin qəbulu mayın sonuna kimi aparılacaq. Sənəd qəbulu bitdikdən sonra iyunun 1-dən 15-dək müsabiqə və müsahibə aparılacaq və nəticədə 1300 tələbə qəbul olunacaq. Həmin tələbələr II kursdan təhsillərini “SABAH” qruplarında davam etdirəcək. “SABAH” qruplarını bitirən tələbələr baza ali təhsil müəssisəsinin diplomunu alacaq. Onların diplomları digər tələbələrin diplomlarından fərqlənməyəcək. Sadəcə, diploma əlavədə həmin tələbənin “SABAH” qrupunda təhsil alması qeyd olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR