Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, nazirliyin aidiyyəti şöbələrinə tapşırılıb ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər. Əmrin icrasına nəzarəti təhsil naziri öz üzərinə götürüb.
Fəaliyyət Planında mayda yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupunun yaradılması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planında sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması, oktyabrda tələbələr və doktorantlar arasında sənayenin inkişafına dair elmi məqalələr müsabiqəsinin keçirilməsi, il ərzində ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi və digər məsələlər öz əksini tapıb.