Bakı – APA-Economics. «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin iqtisadiyyat mövzusunda yazan KİV nümayəndələri üçün 2011-ci ilin noyabrında təşkil etdiyi «Maliyyə və iqtisadiyyat təlimi» treninq-seminarının davamı olaraq dekabrın 3-də start verdiyi yeni təlim layihəsi başa çatıb.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 5 gün ərzində keçirilən təlim kursu «Maliyyə haqqında ümumi anlayış, mühasibat uçotu nəticəsində yaranan hesabatların növləri (maliyyə hesabatları, vergi hesabatları, idarəetmə hesabatları), maliyyə hesabatlarının məqsədi və istifadəçiləri, maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS - IFRS), maliyyə hesabatlarının tərkib elementləri və forması, mühasibat haqqında ümumi anlayış, müəssisənin müxtəlif alternativ maliyyələşmə imkanları, maliyyənin idarə edilməsi, büdcə, proqnozlaşdırma və onlara nəzarət, investisiyaların qiymətləndirilməsi» mövzularını əhatə edib. Treninqə tədris bazası kimi «PricewaterhouseCoopers» (PwC) audit və konsaltinq şirkəti cəlb edilib.
Ötən ilki tədbirdən fərqli olaraq, budəfəki «Maliyyə və iqtisadiyyat təlimi» seminarına ölkə mətbuatında sözügedən mövzularda yazan jurnalistlərlə yanaşı, ali təhsil ocaqlarında jurnalist təhsili alan tələbələr də qatılıblar. Təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və ciddi diskussiyalar şəraitində keçib. Dekabrın 10-da treninq-seminarın yekun tədbiri keçirilib. «Akkord» Korporasiyası İdarə Heyətinin üzvü Xəyal Məmmədxanlının da iştirak etdiyi tədbirdə ümumilikdə 40-a yaxın iştirakçıya müvafiq sertifikatlar və Korporasiyanın hədiyyələri təqdim edilib.
Qeyd edək ki, bu tədbir son bir həftə ərzində «Akkord» Korporasiyasının Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində yekunlaşdırdığı üçüncü layihə olub. Bundan əvvəl «Akkord» Korporasiyasının sponsorluğu ilə gənc memar və dizaynerlər arasında keçirilən «Ak2reaktiv» müsabiqəsi yekunlaşıb və qaliblər mükafatlandırılıb. Dekabrın 7-də isə «Akkord»un sponsorluğu ilə təşkil edilmiş daha bir tədbir keçirilib - dünya şöhrətli mütəxəssis Alan Piz müxtəlif şirkətlərdə çalışan azərbaycanlı iş adamları, menecerlər, PR mütəxəssisləri üçün «Bədən dili, işgüzar münasibətlərdə ondan istifadə texnikası» mövzusunda master-klass keçirib. Maraqlı və yüksək peşəkarlıq səviyyəsində qurulmuş master-klass bütün iştirakçılar tərəfindən dərin maraqla qarşılanıb. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar paylanıb və A.Piz tərəfindən qələmə alınmış imzalı kitablar hədiyyə edilib.