Bakı - APA-Economics. Azərbaycanın «Atəşgah» Sığorta Qrupu «Sevək, qoruyaq, arxayın yaşayaq» fotomüsabiqəsi çərçivəsində münsiflər heyətinin tərkibini müəyyənləşdirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, münsiflər heyətinə Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu, fotoqraf Sənan Ələsgərov, Azərbaycan Fotoqrafları Birliyi İdarə Heyətinin üzvü Sevinc Aslanova, «QGALLERY» rəsm qalereyasının direktoru Emin Məmmədov və «Atəşgah» Sığorta Qrupunun prezidenti Ruslan Əliyev daxildir.
Xatırladaq ki, fotomüsabiqənin şərtləri aşağıdakılardır:
- Müsabiqədə iştirak pulsuzdur;
- Müsabiqədə 16 yaşından yuxarı peşəkar fotoqraflar və foto həvəskarları iştirak edə bilər;
- Fotolar rəngli və ya ağ-qara ola bilər;
- Hər bir foto aşağıdakı məlumatla müşayiət olunmalıdır: müəllif, adı, region (şəklin çəkildiyi yer), tarix;
- Fotolar Azərbaycan ərazisində son beş il ərzində çəkilməlidir;
- Fotolar 1 000 pikselədək ölçüdə və JPEG formatda olmalıdır;
- Bir müəllifdən beşdən artıq iş qəbul edilmir;
- Fotomüsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan fotolar buraxılır. Əks halda iştirakçı müsabiqədə iştirak etməkdən kənarlaşdırılacaq;
- İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;
- Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir;
- İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilməz;
- İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək;
- Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir;
- Fotoredaktorda işlənmiş fotolar qəbul edilmir;
- Seçilmiş fotolar həmçinin JPEG, TIFF, RAW formatında 3-5 meqabayt ölçüdə təqdim edilməlidir;
- İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına (eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə) hüquqi məsuliyyət daşıyır;
- Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.
Fotolar bu ilin sentyabrın 1-dək [email protected] elektron ünvanına, mövzu yerinə «fotomüsabiqə» qeyd edilməklə göndərilməlidir. Əlaqə telefon nömrələri: Səbinə Məmmədova – (012) 940, (daxili 317), mob. (050) 291 93 03; Könül Əsədova - (012) 940 (daxili 255), mob. (050) 291 33 44.
Bütün işlər kodlaşdırılacaq və anonim şəkildə nüfuzlu münsiflər heyətinə təqdim ediləcək.
Mükafat fondu:
I yer – 2 min manat;
II yer – 1 min manat;
III yer – 500 manat;
10 iştirakçı isə həvəsləndirici pul mükafatı alacaq.
Bununla yanaşı iştirakçıların təqdim etdikləri işlər arasından (I, II və III yerləri tutmuş qaliblərin işləri istisna olmaqla) sərgi qonaqları arasında ən çox səs toplamış iş seçiləcək və mükafatlandırılacaq.
Fotomüsabiqənin bütün iştirakçılarına «Atəşgah» SQ-dən sertifikatlar təqdim ediləcək. Qaliblərin işləri xüsusi kataloqda dərc ediləcək. Orada fotomüsabiqənin digər iştirakçıları barədə də məlumat veriləcək.