Bakı – APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) «Müasir inşaatın nəzəri və praktiki problemləri» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir AzMİU, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan və Türk İşadamları Birliyi (ATİB) ilə birgə təşkil olunub.
Konfrans inşaatın müasir istiqamətlərinin müəyyənləşdirilməsi, onların nəticələrinin tədris prosesinə və birbaşa istehsalata tətbiqi yollarının təyin edilməsi, istehsal müəssisələri, aparıcı xarici ölkə Universitetləri, Elmi Tədqiqat İnstitutları və şirkətləri ilə AzMİU-nun əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilir.
Konfransda Azərbaycanda inşaat sahəsinə (çoxmərtəbəli yaşayış binaları, nəhəng sənaye müəssisələri və müxtəlif mühəndis qurğuları) qoyulan investisiyalardan danışılıb, memarlıq və inşaat işlərinin bugünkü vəziyyəti, elmi texniki səviyyəsi, yeni texnologiyaların tətbiqi və bu işlərin keyfiyyətinə nəzarət məsələləri müzakirə olunub.
Universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova hazırda inşaatçıların xüsusilə keyfiyyət məsələlərinə daha çox diqqət yetirməli olduqlarını bildirib. Rektor bu gün inşaatda əsas problemin eibarlılıq, müasirlik və keyfiyyət məsələsi olduğunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən FHN-in nümayəndəsi Xalid Nəcəfov 21-ci əsrin bəlalarından olan texnogen proseslər və terrorun nəticələrini minimuma endirmək baxımından layihələndirmə işlərində daha diqqətli işləməyin vacibliyini bildirib.
Konfransın əsasını təşkil edən «Müasir binalarda enerjiyə qənaət məsələləri» mövzusunda müzakirələr zamanı çıxış edən AzMİU-nun Ekologiya kafedrasının müdiri Fəqan Əliyev enerjinin bahalaşdığını əsas gətirərək, müasir binalarda problemin aktuallığını xüsusilə vurğulayıb. F. Əliyev radon qazı probleminin ölkədə inşa olunmuş və olunacaq binalarda xüsusi diqqət yetirilməli məsələ olduğunu söyləyib.