Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və EURODOC (Gənc Tədqiqatçılar və Doktorantların Avropa Şurası) təşkilatı tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında yeni çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu" keçirilir. APA-nın xəbərinə görə, forumun keçirilməsində məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığın inkişaf edilməsidir.
Forumda çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, Azərbaycana yalnız nanotexnologiyalar sahəsindəki yenilikləri izləmək kifayət etmir, artıq bu yeniliklərin müəllifi olmaq lazımdır: “Azərbaycan alimləri Avropa alimləri ilə əməkdaşlığı genişləndirməlidir. AMEA bu məsələdə öz dəstəyini göstərməyə hazırdır. Artıq hamı tərəfindən dərk edilmiş bir həqiqətdir ki, cəmiyyət məhz elmi ilə tanınacaq. İntellekt ən qiymətli milli sərvətdir. Hazırkı dövrdə elm adamlarının birləşməsinə daha çox ehtiyac duyulur”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda elm sahəsi daim diqqət mərkəzində olub. O, 23 xidmətin "Asan Xidmət"də birləşməsini də elmin cəmiyyətdə inkişafının təzahürü kimi dəyərləndirib.
Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bəyan edib ki, gənc alimlərin bir araya gəlməsi təkcə elmi dialoq deyil, həm də mədəniyyətlərarası dialoqdur: “Qloballaşan dünyada gənclərin müsbət xarakterli ambisiyalarına yol açılmalıdır. Mən istərdim ki, Bakı forumu müntəzəm olaraq fəaliyyət göstərsin. Forumun daimi katibliyi yaradıla, o iki ildən bir keçirilə bilər. Elmin İnkişafı Fondu hər il gənc alimlərin qrant müsabiqələrini keçirir. Yaxşı olardı ki, bizim gənclər daha çox məsuliyyət daşısınlar. Yeni dünya sizlərə arxalanır. Bu dünyanın problemlərinin sorumlusu da siz gənclər olacaqsınız. Orta və yaşlı nəsil qloballaşan dünyanın çağırışlarına səs verəcəklər. Gənclər isə bu çağırışların əsas mühərriki olacaqlar”.
Forumda texnika, nano texnologiyalar, İKT sahəsində yeni işlər, tibb, biologiya və kimya sahəsində Avropa gənc alimlərinin elmi nəticələri, Yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiyası, Avropa gənc alimlərinin humanitar sahədə əməkdaşlığı kimi məsələlər müzakirə ediləcək.