Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda «Dilimiz varlığımızdır» devizi altında 10-cu «Ana dilimizi sevək, sevdirək» adlı ümumrespublika müsabiqəsi keçirilir. APA-nın xəbərinə görə, bu barədə «Çağ» Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müsabiqə «Çağ» Öyretim İşlətmələri şirkətinin Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən, Təhsil Nazirliyinin təşkilatı və əməyi dəstəyi ilə təşkil olunur. Müsabiqənin 21 fevral - Beynəlxalq Ana dili gününə həsr edildiyini deyən Ə.Özərən qeyd edib ki, «Ana dilimizi sevək, sevdirək» adlı ümumrespublika müsabiqəsi üç mərhələdən, qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyalarından ibarət olub. Müsabiqənin artıq I və II mərhələsi başa çatıb, III yekun mərhələ isə fevralın 18-də keçiriləcək: «Müsabiqənin I mərhələsində 1 115 məktəbdən 38 428 şagird, II mərhələdə 135 şagird iştirak edib. Müsabiqənin III mərhələsinə mahnı kateqoriyası üzrə 6 nəfər, şeir kateqoriyası üzrə 5 nəfər, qrammatika kateqoriyası üzrə 10 nəfər, internet saytı hazırlamaq kateqoriyası üzrə 10 nəfər vəsiqə qazanıb. Yekun turu respublikanın görkəmli dilçilərindən ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələri, pedaqoqlardan ibarət münsiflər heyəti qiymətləndirəcək».
Qeyd edək ki, müsabiqənin yekun turu fevralın 18-də Azərbaycan Dövlət Milli Dram Teatrında keçiriləcək.