Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda bütün növ ərzaq məhsulları mütəmadi olaraq zənginləşdiriləcək.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya açıqlamasında bildirib ki, parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik layihəsində bu məsələlər də əksini tapacaq.
O qeyd edib ki, burada əsas problem kimi götürülən aparıcı ərzaqlardan un, şəkər, süd və s. ərzaqların tərkibinin zənginləşdirilməsi qanunla rəsmiləşəcək, bu kimi ərzaqların tərkibinin zənginləşdirilmədən satışı qadağan olunacaq: “Bu gün ərzaqlarda bəzi mikroelementlər çatmır, bu da əsasən erkən yaşdan uşaqların səhhətinə təsir edir. Odur ki, bu kimi ərzaqlarının tərkibinin lazımı mikroelementlərlə zənginləşdirilməsi tələb olunacaq”.