Bank Of Baku

Bakıda “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir

 Bakıda “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
# 29 may 2013 08:36 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti Akif Hacıyev bildirib ki, bu tədbir Azərbaycanda riyaziyyat və informatika üzrə keçirilən ilk beynəlxalq tədbirdir. A. Hacıyev deyib ki, Azərbaycanda riyaziyyatın tarixi XIII əsrdən başlayır: “XIII əsrin böyük alimi, filosofu Nəsirəddin Tusinin riyaziyyata dair 30-dan çox məqaləsi var. Bu məqalələrdəki elmi nəticələri Avropa alimləri 200-300 il sonra əldə ediblər. Sovet illərində Azərbaycan riyaziyyat məktəbinin tarixi isə ötən əsrin 40-cı illərindən başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, Azərbaycanda İKT-nin inkişafı sahəsində əldə olunan nailiyyətlərdə elm sahəsinin də rolu var. Bu baxımdan ölkədə elmi potensialın yüksəlməsinə ehtiyac var. Elmi məktəblər daha da inkişaf etdirilməli, riyaziyyat və informatika fənni üzrə biliklər dünya elmi səviyyəsində tətbiq olunmalıdır.

AMEA Rəyasət Heyətinin akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev isə deyib ki, son illər informatika təhsilində riyazi biliklərin çəkisi azalıb. Ona görə də informatika üzrə yüksək mütəxəssislər hazırlamaq problemi var. İnformatikada riyazi biliklər çox geniş şəkildə tətbiq olunmalıdır.

 

Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov isə bildirib ki, konfransda dünyanın 13 ölkəsindən 40-a yaxın tanınmış alim iştirak edir: “Ümummilli lider Heydər Əliyev elmə həmişə xüsusi diqqət göstərib. Bu siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən də davam etdirilir. Prezidentin Şamaxı Astrofizika Rəsədxanasının təmirdən sonra açılışında da dediyi kimi, Azərbaycan digər sahələrdə olduğu kimi elm sahəsi üzrə də regionun mərkəzinə çevrilməlidir. Bu, AMEA qarşısında qoyulan mühüm vəzifədir. AMEA, o cümlədən Mexanika və Riyaziyyat İnstitutu bu vəzifəni yerinə yetirmək üçün bütün qüvvəsini sərf edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR