Bank Of Baku

Lənkəranda «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda keçirilən regional konfrans başa çatıb - FOTOSESSİYA

 Lənkəranda «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda keçirilən regional konfrans başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 fevral 2013 15:22 (UTC +04:00)

 

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda keçirilən iki günlük regional konfrans başa çatıb.

 

APA-nın Cənub bürosunun məlumatına görə, tədbirin ikinci günü «İslam və sağlam ailə» mövzusunda keçirilən plenar iclasda «Gənc qadınların ictimai fəallığının artırılmasında dini icmaların rolu» layihəsi müzakirə olunub. DQİDK-nin şöbə müdirinin müavini Nahid Məmmədov «İslamda ailə modeli və müasir cəmiyyət» mövzusunda çıxış edərək ailənin əhəmiyyətindən danışıb. Bildirib ki, islam əxlaqında ailəyə böyük önəm verilir: «Bu məsələ öndə gedən və peyğəmbərimizin vurğuladığı vacib məsələlərdən biridir».

 

QMİ sədrinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə «Din xadimləri İslamda orta yolun təbliğatçısı və təşviqatçısı kimi» mövzusunda çıxış edərək bu istiqamətdə aparılan işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra Lənkəran rayonunun Ləj kənd məscidi dini icmasının üzvü, AMEA-nın dissertantı Samid Quliyev «Cənub bölgəsində ənənəvi dindarlıq və İslamda orta yol» mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanda, xüsusən də cənub bölgəsində ənənəvi dindarlıq əsrlərdir mövcuddur və İslamda orta yol qorunub saxlanılır.

 

İştirakçılar həmçinin fəlsəfə doktoru Rafiz Manafovun «Vəhdət naminə məzhəblərarası dialoq» mövzusunda nitqini dinləyiblər. Natiq çıxışında Azərbaycanda ənənəvi olaraq müxtəlif din və məzhəblərin ardıcıllarının əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb, bu tarixi dəyərin qorunmasının vacibliyini diqqətə çatdırıb.

 

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Proqram meneceri Nicat Məmmədlinin «Vətənpərvərlik milli dəyər kimi» mövzusunda çıxışı da maraqla qarşılanıb. Məruzəçi «Vətəni sevmək imandandır» fikrini xüsusi vurğulayıb: «Əxlaq imandandır. Əxlaq və mənəviyyat yalnız mühitin məhsuludur. Demək bu əxlaqı bizə verən mühiti, yəni bu vətəni sevmək də imandandır».

 

Plenar iclasın sonunda Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Tədbirin sonunda çıxış edən DQİDK-nin sədri Elşad İskəndərov şəhid M.İbrahimovun timsalında hər bir Azərbaycan vətəndaşının dövlətçiliyin möhkəmlənməsindəki mövqeyinin, işğal olunmuş torpaqların geri qaytarılmasına hər an hazır olmasının vacibliyindən danışıb. Natiq din xadimlərinə müraciət edərək, üzərilərinə düşən məsuliyyəti şərəflə yerinə yetirmələri üçün bütün imkanlarını səfərbər etməyə çağırıb. Komitə sədri nitqini «Dini icmalar maarifləndirmə sahəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrilməlidir» fikirləri ilə yekunlaşdırıb.

 

Regional konfransın sonunda iştirakçılar bölgə üçün birgə fəaliyyət planını qəbul ediblər. Sənəddə ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət-din sahəsindəki siyasət dəstəkləndiyi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər yüksək qiymətləndirildiyi öz əksini tapıb. Maarifləndirmə işinin davamlı və intensiv keçirilməsi, icmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha müasir formada iştiraklarının zəruriliyi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR