Bakı – APA. Azərbaycan Diplomatik Akademiyası Böyük Britaniyanın aparıcı ali təhsil ocaqlarından biri olan Ridinq Universiteti ilə Anlaşma Memorandumu imzalayaraq yeni əməkdaşlığın təməlini qoyub. ADA-dan APA-ya verilən məlumata görə, sənəd Ridinq Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Stiven Mitenin başçılıq etdiyi nümayəndə heyətinin ADA-ya ziyarəti zamanı imzalanıb.
Tərəflər birgə akademik, tədqiqat və mədəni proqramlar üzərində çalışacaqları barədə razılığa gəliblər. Bu səylər, xüsusilə, ADA-da bakalavr pilləsində təhsil alan 3-cü kurs tələbələrinin Ridinq Universitetinə təhsil mübadiləsi proqramına göndərilməsi, akademiyanın ingilis dili tədrisi ilə məşğul olan müəllimlərinin Ridinq Universitetində təkmilləşdirmə təlimlərində iştirak etməsi ətrafında cəmləşdiriləcək. 1892-ci ildə təsis edilən Ridinq Universiteti elmi tədqiqat proqramları ilə tanınır və dünya universitetlərinin reytinqini müəyyənləşdirən nüfuzlu “Times Higher Education” sorğusu tərəfindən ən yuxarı 1% ali məktəblərin sırasına aid edilibr.