Bakı. Fərid Mirzəyev - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara malik olmaları üçün virtual müəssisənin rəsmi açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, təhsil naziri Mikayıl Cabbarov, ADİU-nun rektoru Ədalət Muradov iştirak edib.
S. Müslümov bildirib ki, həyata keçirilən uğurlu dövlət məşğulluq strategiyası Azərbaycanda işsizlik səviyyəsinin 4,9%-dək azalmasına səbəb olmaqla, gənclər arasında işsizliyin azalması ilə müşahidə edilib: “Hazırda respublika əhalisinin 28 faizini təşkil edən 15-29 yaşda olanlar arasında işsizlik səviyyəsi ötən illə müqayisədə daha 0,4% azalaraq 9,7%-ə enib ki, bu da dünyada ən aşağı göstəricilərdən hesab edilir. Eyni zamanda ölkəmizdə bu yaşda olanlar arasında iqtisadi fəallıq səviyyəsi 47,2%-ə yüksəlib və bu da dünya miqyasında müsbət göstərici kimi dəyərləndirilə bilər”.
Gənclərin məşğulluğunun təmin olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində görülən işləri diqqətə çatdıran nazir həmçinin tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini diqqətə çatdırıb: "Azərbaycan sayı 7 500 olan virtual müəssisələrin üzvlər şəbəkəsinə qəbul edilib və ötən ildən etibarən ölkəmizdə ilkin olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin və Xəzər Universitetinin bazalarında bu təcrübənin tətbiqinə, virtual müəssisələrin yaradılması işlərinə başlanılıb”.
S. Müslümov qeyd edib ki, ADİU-da müvafiq otaqlar ayrılaraq kompüter və digər lazımi avadanlıqlarla təchiz edilib və beynəlxalq ekspertlər tərəfindən bu təcrübə müəssisələrində çalışacaq müəllim heyəti üçün müvafiq təlimlər keçirilib: “Bu sahədə işlərin təşkili, habelə aidiyyəti proqram təminatı barədə aidiyyəti üzrə EUROPEN-PEN İnternational şirkətindən məlumat əldə olunub. Bu bir təcrübə müəssisəsi olmaqla, tələbə və məzunlar burada real iş yerində olduğu kimi fəaliyyət göstərəcək, öz ixtisasları ilə bağlı əmək bazarında əmək şəraiti tələbləri çərçivəsində praktik bacarıq və vərdişlərə yiyələnəcəklər. Nəticədə isə onlar gələcəkdə çox asan şəkildə əmək bazarında özlərinə yer tuta biləcəklər”.
Nazir qarşıdakı dövrdə bu sahədə, eləcə də gənclərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, interaktiv tədrisin yaxşılaşdırılması və s. sahələrdə Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığın genişləndirilməsinin, bu məqsədlə Anlaşma Memorandumu imzalanmasının da gündəlikdə duran məsələlərdən olduğunu qeyd edib, yeni virtual müəssisənin fəaliyyətinə uğurlar arzulayıb.
Təhsil naziri M. Cabbarov hər bir tələbənin, məzunun ixtisas bacarıqlarını reallaşdırmaları və təkmilləşdirmələri üçün virtual müəssisələrin yaradılması təcrübəsinin əhəmiyyətli olduğunu, bunun gənclərin karyera taleyində mühüm rol oynadığını diqqətə çatdırıb.
ADİU-nun rektoru Ə. Muradov bu ali təhsil müəssisəsində tələbələr və məzunlar üçün belə önəmli müəssisənin təşkili üçün bütün lazımi işlərin görüldüyünü, gələcəkdə də təcrübə müəssisəsinin məqsədyönlü fəaliyyətinin təmin ediləcəyini bildirib.
Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşşenko tətbiq olunan bu yeni təcrübənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Sonra virtual müəssisənin fəaliyyətinə baxış olub. Bu təcrübə müəssisəsi haqqında ümumi məlumat verilib və nümunə kimi Avropanın virtual müəssisələrindən biri ilə onlayn rejimdə biznes əməkdaşlığına dair ticarət sövdələşməsi aparılıb, layihənin Xəzər Universitetindəki mərkəzi ofisi ilə işgüzar sənəd dövriyyəsi təşkil edilib.