Bakı. Könül Kamilqızı - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi şəhərində yerləşən regional bölməsinin inzibati binasının açılışı olub.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, binada bölmənin fəaliyyətinin səmərəli təşkili üçün müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar lazımi inventarlar, texniki, texnoloji və metodiki vasitələrlə təchiz olunub.
TQDK sədri konfrans zalında tədbirdə iştirak edən Ağcabədi və ətraf rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri ilə görüşüb. M.Abbaszadə 2012-ci ildə komissiyanın yeni 3 regional bölməsinin yaradıldığını xatırladaraq, bununla TQDK-nın regional bölmələrinin sayının 8-ə çatdığını bildirib. Cari ildə bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının həmin regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Ağcabədidə keçirildiyi qeyd olunub. Bununla regionlarda yaşayan abituriyentlər daha yaxın mərkəzlərdə imtahan verməklə maddi resurslarına, vaxtlarına və enerjilərinə qənaət ediblər.
TQDK sədri abituriyentlər üçün bu amilin psixoloji baxımdan da müsbət əhəmiyyət daşıdığını vurğulayıb. Komissiya sədri bu zonada yaşayan və fəaliyyət göstərən müəllimlərin, ekspertlərin, ümumilikdə pedaqoji ictimaiyyətin qəbul imtahanlarına dair materialların hazırlanmasında, qəbul proqramlarının müzakirələrində, dərsliklərin monitorinqi və digər elmi-metodiki proseslərdə daha fəal iştirakını arzu etdiyini bildirib. Buna görə də onları regional bölmə ilə daha sıx əməkdaşlığa dəvət edib.