Bakı. Könül Kamilqızı - APA. Bir neçə il ərzində Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsilə həm Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA), həm ali təhsil müəssisələrinə çoxlu sayda bahalı avadanlıq və cihazlar alınıb.
APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin iclasında çıxışı zamanı bunu çox müsbət hal kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu avadanlıqların və cihazların alınmasına fond yolu ilə 12 milyon manat pul xərclənib. A.Əlizadə qeyd edib ki, bu kiçik rəqəm deyil, respublika miqyasında yaxşı göstərici və dövlət tərəfindən elmə göstərilən qayğıdır: “Amma indi baxaq görək onun istifadəsi necədir. Bir çox yerdə həmin cihazlar işlədilmir, bir çox yerdə isə yarımçıq işlənir. Bu özü də mənfi göstəricidir. Elə cihazlar var ki, bunlar bütün günü işləməlidir, amma işlədilmir. Bundan əlavə, cihazların pərakəndə düşməsi bizi düşündürür. Biz onları lazımi mühəndislə təmin edə bilmirik. Həmin cihazları işlədə bilən yüksək səviyyəli mütəxəssislər olmalıdır. Lakin həmin cihazların istifadəsi çox mürəkkəb olduğu üçün onları lazımi mühəndislə təmin etməkdə problemlər var. Düzdür, mütəxəssislər gedib təcrübədən keçib gəlirlər, amma bunlar azlıq təşkil edir. Ona görə də cihazların bəziləri tam qüvvədə çalışmır. Maliyyə Nazirliyi də bizə tövsiyə edib ki, akademiya bu istiqamətdə düşünülmüş və planlaşdırılmış addımlar atmalıdır. Düşünürük ki, 3-4 müəssisəmizdə kollektiv istifadə olunan cihazların qruplarını yaradaq. Müəssisələrdə yaradılan 3-4 qrupla akademiyanı, gələcəkdə respublikanı analitik baza ilə əmin edə bilərik”.