Bakı – APA. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən Elmi Şurada Almaniya Federativ Respublikası arxivlərindən elmi ezamiyyətdən qayıtmış heyətin hesabatı dinlənilib.
Şurada çıxış edən Almaniyaya ezam olunmuş işçi qrupunun rəhbəri professor Səadət Zeynalova qeyd edib ki, Almaniya tarixçiləri ilə danışıqlar aparılıb, Bakıda birgə konfransın keçirilməsi və Azərbaycan-Almaniya əlaqələrinə həsr edilmiş birgə elmi əsərlərin yazılmasına dair razılıq əldə olunub. Səfər zamanı Berlinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi, Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı çoxlu sayda ilk mənbələrə, o cümlədən arxiv sənədlərinə baxılıb, sənədlərin kataloqları hazırlanaraq ölkəmizə gətirilib.
Elmi Şurada qeyd olunub ki, ilkin mərhələdə Berlin arxivlərində saxlanılan sənədlərin kataloqu nəşr olunacaq. Almaniyadan gətirilən sənədlər içərisində qiymətli xəritələr, 1905-1906-cı illərdə ermənilər tərəfindən Bakıda yandırılan tikililərin, neft mədənlərinin, zavod və fabriklərin fotoşəkillərinin, ermənilərin azərbaycanlılara qarşı soyqırımları ilə bağlı sənədlərin surətləri də var. Elmi Şuranın qərarına əsasən Azərbaycan-Almaniya qarşılıqlı əlaqələrinin tarixinə həsr olunmuş birgə elmi konfrans keçiriləcək. Almaniya arxivlərində axtarışlar davam etdiriləcəkdir.