Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ayrıca Dil Komissiyası yaradılacaq. Bu barədə APA-ya AMEA-nın Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib.
Onun sözlərinə görə, Dil Komissiyası ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn məsələlərin həlli ilə məşğul olacaq: “Komissiyanın gələn həftə yaradılması nəzərdə tutulur. AMEA-nın humanitar və ictimai sahəyə aid olan bütün institutları Komissiyanın fəaliyyəti ilə əlaqədar öz təkliflərini verməlidirlər”.
F.Veysəlli qeyd edib ki, Dövlət Proqramında AMEA-ya dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin, Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının, milli transliterasiya standartlarının hazırlanması, dil pozuntularına qarşı “qaynar xətt”in, Azərbaycan dilində antiplagiat sisteminin, təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin yaradılması, monitorinqlərin həyata keçirilməsi kimi mühüm vəzifələr tapşırılıb: “Bu işlərin hamısına nəzarət Dil Komissiyası tərəfindən həyata keçiriləcək”.