Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan ərazisi seysmik zonada yerləşir. Bu da ölkə ərazisində tez-tez kiçik balla da olsa, zəlzələlərin və seysmik hadisələrin baş verməsini şərtləndirir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, GPS tədqiqatlar aydın göstərir ki, Ərəbistan piltəsi şimal-qərb istiqamətində hərəkət edərək Qafqaz dağlarını sıxır. Bunun nəticəsində də bəzi katostrofik hadisələr baş verir: “Təsadüfi deyil ki, son günlər Krım yarımadasında və Krasnodar vilayətlərində də zəlzələlər baş verir. Bu o deməkdir ki, Qara dəniz zonasında bəzi ərazilərin cənub tərəfdən basılması baş verir. Bu da öz nəticəsini göstərir”.
A.Əlizadə deyib ki, Azərbaycan alimləri ölkədəki seysmik durumla bağlı ciddi araşdırmalar aparırlar: “Ölkədə stasionar və GPS seysmik stansiyaların sayı artıb. Dəniz dibində də 3 seysmik stansiyanın qurulması nəzərdə tutulur. Bu, ölkədə seysmik tədqiqatların daha da dərinləşməsinə səbəb olacaq”.