Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan Milli Elmlər Akademiyası və akademiyaya tabe olmayan elmi təşkilatlara 2013-2014-cü tədris ili üzrə doktoranturaya qəbulun vaxtı hələlik məlum deyil. Bunun səbəbi isə Nazirlər Kabineti tərəfindən doktoranturaya qəbul planının təsdiqlənməməsidir”.
Bu barədə APA-ya AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov məlumat verib. O bildirib ki, doktoranturaya qəbul planı AMEA tərəfindən Nazirlər Kabinetinə təqdim edilsə də, təsdiq olunmayıb.
Nazirlər Kabineti tərəfindən doktoranturaya qəbul planı təsdiq edildikdən sonra AMEA-nın Rəyasət Heyətində də baxılacaq. Bundan sonra doktoranturaya qəbul haqqında elan hazırlanacaq və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən informasiya formasında yayılacaq.